“Sevgi məktubları” və “Gəl, sevdalım” təqdim olundu Mədəniyyət

“Sevgi məktubları” və “Gəl, sevdalım” təqdim olundu

Bitəcək yer üzünün

Nisgilli yağışları,

Çarəsiz sevgilərin

Ümidsiz göz yaşları.

Bitəcək sinəm üstə,

Sevdamın baş daşları,

Bu ağrı bitməyəcək

Bitməyəcək bu ağrı…

Qışın soyuğunda bu da bir qismətdəndir, yəqin, gün çıxıb. Sanki, məşhur bir mahnıda deyilən kimi, havada "aşk kokusu" var... Şair-publisist Elçin Mirzəbəylinin "Sevgi məktubları" kitabının və eyni adlı şeirinə bəstələnmiş "Gəl, sevdalım" mahnısının təqdimatına yığışmışıq. Sevgi şeirlərinin istisinə qızınmaq üçün şair sevənlərini bir araya toplayıb. Yazarın yaxın dostlarının qatıldığı təqdimat mərasimində Teleraf.MMC-nin rəhbəri Aynur Camalqızı, millət vəkili Aqil Abbas, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Olaylar" agentliyinin rəhbəri Yunus Oğuz, tanınmış jurnalist Azər Həsrət, Aktual.az-ın baş redaktoru Anar Yusifoğlu və digər dəyərli söz adamları da vardı.
Təqdimat mərasimində media mənsublarının, eləcə də tanınmış yazarların azlığından gileylənən Aqil Abbas fikirlərini belə ifadə etdi: "Hər hansı bir müğənninin tədbiri olsaydı, jurnalistlərin əlindən yer olmazdı, ayaq üstə dayanardılar. Buna görə də deyirəm, bir tədbir keçirəndə yazın ki, "Aygün Kazımova da gələcək". Elçin Mirzəbəyli böyük şair, böyük kişidir. Amma baxıram, bura şox şair gəlməyib. Çünki hamısı əhli-kefdirlər".
Səbəbkar özü isə şeir kitabının yazıldığı tarixçədən danışdı: "Sumqayıtda gənclərlə görüş keçiriləndə məndən xahiş etdilər ki, yalnız sevgi şeirlərindən ibarət bir kitab çıxarım. Dedilər, elə bir kitab olsun ki, cibimizə sığsın. Mən də onların arzularını reallaşdırdım və sonradan bu kitabda yer alan şeirlərdən biri musiqiyə çevrildi. "Yeni ulduz" yarışmasının iştirakçılarından olan istedadlı müğənni Ülvi Nur "Gəl, sevdalım" adlı şeiri mahnıya çevirdi".
"Gündəlik Teleraf" Media Holdinqin rəhbəri Aynur Camalqızı da Elçin Mirzəbəylinin yaradıcılığını yüksək qiymətləndirdiyini bildirdi: "Mahnı musiqinin, səsin və sözün vəhdətindən yaranır. Buna görə də bir mahnının ərsəyə gəlməsi o qədər də asan deyil. Bəzən elə mahnılar eşidirsən, musiqisi gözəldir, amma sözləri bərbad gündədir. Bəzən də əksinə olur. Mən bu yaxınlarda Ramiz Rövşənin sözlərinə yazılmış bir mahnını dinlədim, musiqisi sözlərinə heç uyğun deyidi. Buna görə də gözəl sözlə gözəl musiqi vəhdət təşkil etməlidir. Mən məxsusi olaraq Elçin Mirzəbəylinin şeir kitablarını oxumamışam. Amma sevənlərinin sosial mediada paylaşımları ilə, çap olunan şeirləri ilə tanışam və bilirəm ki, bu şeirlərin arxasında gözəl ruh və ürək sahibi dayanır. Mediada xeyli sayda yaxşı insan var ki, Elçin Mirzəbəyli də onlardan biridir. Ümumiyyətlə, uşaqlığı və gəncliyi sovet dövrünə təsadüf edən insanların əksəriyyəti məncə, belədir. Ləyaqətli, mənəviyyatlı, düzgün əxlaqlı... Elçin Mirzəbəyli mənəvi cəhətdən dolu insandır, ona hər zaman layiqli yerində olmağını arzulayıram".
"47 yaşda sevgi şeirləri yazmaq ruhun cavanlığından xəbər verir", - Aqil Abbas yaxın dostunu tərif etməkdən yorulmadı: "Bu yaxınlarda bir müsabiqə ilə bağlı mənə 157 şeir təqdim etmişdilər. İçindən bir normal mətn tapa bilmədim, hamısı cızma-qara idi. Amma Elçinin şeirlərini oxuyanda zövq aldım, dincəldim".
"Yeni Azərbaycan" qəzetini baş redaktoru Hikmət Babaoğlu ədəbiyyatı, şeiri, musiqini ruhun qidası adlandırdı: "Bu gün şeir yazmaq və onu topluma sevdirmək çox çətindir. Şeir bizim sığındığımız məkandır. Biz həyatda çox hisslər yaşayırıq, amma həmişə yaşadığımız hissləri ifadə edə bilmirik. Bəzən belə insanlar tapılır ki, sənin hisslərini ifadə edir. Şairləri bizlərdən fərqləndirən də budur". Baş redaktor Elçin Mirzəbəylinin sevgi şeirləri ilə Mikayıl Müşfiqin şeirləri arasındakı yaxınlıqan danışdı: "Elçinin sevgi ruhu mənə Mikayıl Müşfiqi xatırladır. O, mənim ən şox sevdiyim şairdir. Sevgi şeirləri yazmaq ruhun gəncliyidir. Elçinin yaradıcılığı incə bir xəttin üstündə incə hərəkət edir".
Yazıçı Yunus Oğuz Elçin Mirzəbəylini insanı düşündürən şeirlərin müəllifi kimi dəyərləndirdi: "O insanları düşündürən şeirlər yazır. İstənilən şeirlə insanları düşündürməyi bacarır. Bu hər şairə məxsus olmayan keyfiyyətdir".
"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Elçin Mirzəbəylinin yaradıcılığında yenilik kimi qəbul ediləcək fikirlərin olduğunu vurğuladı: "Azərbaycanda o qədər şairlər var ki, qocalıblar, amma bir şeirini xatırlamaq olmur. Bu gün ədəbi mühitimizdə çoxlu şair və yazıçıların olmasına baxmayaraq, inanıram ki, Elçin bu aləmdə öz sözünü deyəcək".