“Eurovision 2014” üçün mahnı seçilməyib Mədəniyyət

“Eurovision 2014” üçün mahnı seçilməyib

"Mənim təmsilçi kimi seçilməyim gözlənilməz oldu. Artıq üçüncü dəfədir seçim turunda iştirak edirdim. Seçimə qatılanda düşünürdüm ki, bu, sonuncu iştirak olacaq. Çünki çox mürəkkəb və çətin mərhələlərdən keçmək tələb olunur".
APA-nın məlumatına görə, bunu İctimai Televiziyada keçirdiyi mətbuat konfransında Azərbaycanı "Eurovision 2014" mahnı müsabiqəsində təmsil edən Dilarə Kazımova deyib.
Onun sözlərinə görə, mahnı seçimi hələlik bəlli deyil: "Beş-altı mahnı var, konkret qərar verməmişik. Gərgin iş, seçimlər üzərində müzakirələr aparılır. Bir neçə gündən sonra hansı mahnının üzərində dayandığımız bəlli olacaq".
D.Kazımova əlavə edib ki, seçim mərhələlərində digər iştirakçılarla rəqib yox, dost olublar: "İnanın, digər iştirakçılarla bir-birimizə məsləhət verirdik ki, filan mahnını götürsən, yaxşı olar. Bir-birimizə həqiqi dostlar kimi dəstək olurduq".
Qeyd edək ki, final mərhələsinin münsiflər heyətində isveçli bəstəkar Stefan Örn, əməkdar artist Tünzalə Ağayeva, bəstəkar Murad Arif, müğənni Eldar Qasımov və İTV-nin baş direktoru Cəmil Quliyev təmsil olunublar.