Mən və ailəm də peyvənd olunmağa hazırlaşırıq - Xalq artisti Mədəniyyət
Ölkədə davam edən peyvəndləmə vətəndaşlarımızın sağlamlığının təmin olunmasına və normal həyata qayıdışa yönəlib.
Bunu Trend-ə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru, xalq artisti Ağaverdi Paşayev deyib.
Onun sözlərinə görə, dövlətin vaxtında yüksək keyfiyyətli vaksinlərin gətirilməsini təmin etməsi sevindirici haldır:
"İndi əsas məsələ əhalinin öz məsuliyyətini dərk edərək peyvəndləməyə ciddi yanaşması və bu prosesdə fəal iştirak etməsidir. Təbii ki, bu, könüllü xarakter daşıyır. Amma yaşlı insanlar üçün peyvəndləmə xüsusi əhəmiyyət kəsb edir. Mən və ailəm də özümüzü qorumaq üçün peyvənd olunmağa hazırlaşırıq. Sevindirici haldır ki, yoluxma sayında kəskin azalma müşahidə olunur, amma təəssüf ki, ölüm halları qalmaqdadır. Görün, ötən il nə qədər şəxs öz yaxınlarını və əzizlərini koronavirus pandemiyasına görə itirib. Ona görə də rahatlaşmaq olmaz, karantin tədbirlərinə əməl etmək lazımdır".