“Bu model uğurlu bir model hesab oluna bilər” Gündəm

“Bu model uğurlu bir model hesab oluna bilər”

“Müasir dövr onu göstərir ki, turizmin inkişafında müəyyən qədər kazino biznesinin də rolu var. Kazino biznesi ölkələrə o zaman fayda verməyə başlayır ki, onu tam nəzarət altında saxlayasan və onun lisenziyaları, icazələri yüksək qiymətdə olur. Məsələn, uğurlu Sinqapur modelindən sonra bir sıra ölkələr, hətta Birləşmiş Ərəb Əmirliklərində də bu yaxında kazinoların açılmasıyla bağlı icazələr veriləcək”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov deyib.

A.İbrahimov bu sahədə uğurlu nümunələrin mövcud olduğunu qeyd edib: “Gürcüstan nümunəsini göstərmək olar. Məsələn, xarici investorlar tərəfindən 1 il ərzində 2-3 milyard investisiya cəlb olunur. Mən onun şahidi olmuşam ki, Ərəb ölkələrindən qonaqlar bura gəlib, 1-2 gün burada gəzib, buradan kazino oyunlarında iştirak etmək üçün Gürcüstana gedirlər. Azərbaycanda onu etmək üçün müəyyən nəzarət olsa, ölkə iqtisadiyatına xeyir verəcək. Bununla bağlı qanun layihəsi də artıq qəbul olunub. Bu, tək qanun layihəsi ilə olan məsələ deyil, ciddi bir mexanizm qurulmalıdır. İnzibati Xətalar Məcəlləsində hüquqi şəxslər, fiziki şəxslər və vəzifəli şəxslərlə bağlı ayrıca cərimələr tətbiq olunub, Cinayət Məcəlləsində bununla bağlı maddələr var. Sonra çirkli pulların yuyulması ilə bağlı müvafiq qanunvericilikdə bununla bağlı maddələr var. Bir sıra vergi qanunvericiliyində də bu məsələlərə tənzimləmələr gətirilməlidir və s. Yəni bu, yeni bir sahə olacaq və ciddi biz mexanizm olmalıdır. Həmin mexanizm yaxşı işləyərsə, ölkə iqtisadiyyatına xeyir verməyə başlayacaq”.

O, Gürcüstan modelini təhlil edərək deyib ki, orada 25 yaşından aşağı şəxslər kazino oyunlarında iştirak edə bilmirlər: “Sosial durumu aşağı olan ailələrdən olan şəxslər kazino oyunlarına buraxılmır, əgər orada iştirakı müəyyən olunarsa, onu çox ciddi cəza gözləyir. Həmçinin orada çirkli pulların yuyulması məsələsi var. Dövlət onu da nəzarət altında saxlamalıdır. Əgər nəzarət altında olarsa, bu model uğurlu bir model hesab oluna bilər”.

Röya İsrafilova