

“İqlim dəyişikliyi və ətraf mühitin qorunması məsələlərinin aktual olduğu bir dövrdə Azərbaycan yaşıl enerji, texnologiya və regional inteqrasiya sahəsində əməkdaşlığı vacib hesab edir. Çinin bu sahədə çox böyük təcrübəsi var və bu baxımdan da Azərbaycan Çinin məhz yaşıl enerji ilə bağlı təcrübəsini daha dərindən öyrənmək və yaşıl enerjiyə keçidi sürətləndirmək üçün Çinlə əməkdaşlıqda maraqlıdır. Çin şirkətləri də məhz bu proseslərdə Azərbaycana dəstək verməkdədir. Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrini günü-gündən gücləndirməsinə sevinən tərəfdir. Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü tam dəstəkləyir. Azərbaycan da bu təşkilat çərçivəsində əlaqələrin gücləndirilməsini istəyir və bu baxımdan da Azərbaycan lideri məhz Şanxay Əməkdaşlıq Təşkilatı tərəfindən təşkil edilən tədbirlərə aktiv şəkildə qatılır. Bu iqtisadi təşkilatın Azərbaycan iqtisadiyyatının gücləndirilməsinə böyük töhfələr verəcəyi danılmaz faktdır”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputatın sözlərinə görə, Çinin birbaşa dəstəyi ilə Orta Dəhlizin daha da gücləndirilməsi, Çindən Avropaya uzanan nəqliyyat dəhlizinin əsas komponenti olan Azərbaycanın da bu prosesdən böyük fayda götürə biləcəyi bütün ekspertlər tərəfindən söylənilir: "Zəngəzur Dəhlizinin açılması, eyni zamanda, Qara Dənizdə Azərbaycan tərəfindən tezliklə istifadəyə veriləcək yeni limanlar və icarəyə götürələcək limanların istifadəsi məhz Orta Dəhliz üzrə yükdaşımların həcmini daha da artıracaq. Bu baxımdan da ən təhlükəsiz və ən sürətli yolun məhz Azərbaycan üzərindən keçməsi də Azərbaycanı “Bir kəmər, bir yol” layihəsinin ən vacib ölkələrindən biri halına gətirib çıxarıb. Biz inanırıq ki, cənab Prezidentin Çinə baş tutan bu işgüzar səfəri hər iki ölkə arasında münasibətləri daha da irəli aparacaq, xüsusilə də qarşılıqlı viza rejiminin ləğv edilməsi yaxın illərdə Azərbaycan və Çinin qarşılıqlı turist səfərlərinin həcmini artıracaq”.
N.Həmzəyev əlavə edib ki, nəticə etibarı ilə biz turizm potensialının gücləndirilməsi ilə xalqlar arasındakı yaxınlaşmanın da daha sürətli baş tutacağını görə biləcəyik: “Biz inanırıq ki, səfər çərçivəsində cənab Prezident İlham Əliyevin Çinin Tiencin şəhərində “China Energy Engineering Corporation Limited” şirkətinin rəhbəri vəzifəsini icra edən Ni Cen, “Sichian Sunsync Photovoltaic Technology Co” şirkətinin təsisçisi və sədri Sie İ, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü və digər görüşlər çox uğurlu, çox məhsuldar və çox yaddaqalan olacaq. Eləcə də inanırıq ki, əldə edilmiş bütün sənədlər və aparılan müzakirələr öz məntiqi nəticəsini verəcək. Nəticə etibarı ilə xalqların sosial rifahı daha da güclənəcək və dövlətlərimizin iqtisadiyyatı daha da inkişaf edəcək”.
Röya İsrafilova