

Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə avqustun 30-da Çinə işgüzar səfərə gəlib. Ölkə başçısı Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT plyus” formatında keçirilən Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində Qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradda iştirak edib.
Qeyd edilməlidir ki, sentyabrın 1-də Çin Xalq Respublikasının Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin “ŞƏT plyus” formatında keçirilən görüşünə 20-dən çox ölkənin liderləri və 10 beynəlxalq təşkilat rəhbəri qatılıb. 2022-ci ildə Səmərqənddə və 2024-cü ildə Astanada keçirilən ŞƏT-in Zirvə görüşlərində olduğu kimi bu görüşdə də Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
Azərbaycanın belə mötəbər təşkilatın sammitinə üçüncü dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında artan nüfuzunun və göstərilən yüksək etimadın ifadəsidir.
2001-ci ildə Şanxayda 6 ölkə - Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən təsis edilən təşkilata hazırda 10 ölkə - Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistan tamhüquqlu iştirakçı kimi daxıldir. Hazırda Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka isə təşkilatın dialoq tərəfdaşı statusuna malikdirlər.
ŞƏT-in məqsədi regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, iqtisadi əməkdaşlığın, enerji tərəfdaşlığının, elmi və mədəni fəaliyyətin inkişafıdır. Təşkilata üzv dövlətlərin başçılarının görüşləri 2002-ci ildən hər il keçirilir.
Üzv ölkələr arasında qarşılıqlı etimad, qonşuluq münasibətlərinin gücləndirilməsi, bütün sahələr üzrə səmərəli əməkdaşlıq, sülh, təhlükəsizlik naminə birgə səylərin göstərilməsi, beynəlxalq səviyyəli yeni siyasi və iqtisadi platformanın yaradılması ŞƏT-in qarşısında duran vacib məsələlərdəndir.
Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Memorandumda terrorizm, ekstremizm və separatizm ilə mübarizə məsələləri öz əksini tapıb ki, bu da ölkəmizin maraqlarına tam uyğundur. Azərbaycan lideri bu samitin verdiyi imkanlardan istifadə edərək regionda yaranan yeni reallıqları diqqətə çatdırıb.
Prezident İlham Əliyevin Zirvə görüşü çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşləri oldu. Ölkə başçısı həmçinin Tiencin şəhərində "China Energy Engineering Corporation Limited" ("Energy China") şirkətinin prezidenti və sədri vəzifəsini icra edən Ni Cen, "Sichian Sunsync Photovoltaic Technology Co" şirkətinin təsisçisi və sədri Sie İ, "CETC" (“China Electronics Technology Group Corporation”) korporasiyasının baş direktoru Cu Pen və "CCCC" (“China Communications Construction Company”) şirkətinin sədri Son Haylian ilə görüşlər keçirib. Bu görüşlər Azərbaycan Prezidenti ilə təşkilata üzv dövlətlərin rəhbərləri, o cümlədən ölkəmizlə iqtisadi əlaqələrin yaradılması və genişləndirilməsinə böyük maraq göstərən şirkətlərin rəhbərləri arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlərin göstəricisidir.
Sentyabrın 1-də Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüş keçirilib və Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Öz çıxışında Azərbaycan-Çin münasibətlərinin inkişafına geniş yer ayıran ölkə başçısı qeyd edib ki, Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir.
Son iki ildə iki dövlət arasında əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. 2024-cü il Astanada keçirilmiş ŞƏT Sammiti çərçivəsində Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq əlaqələri quruldu. Bu il Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsi barədə Birgə Bəyanat imzalandı. Bu tarixi hadisə Azərbaycan-Çin münasibətlərində yeni bir səhifə açdı.
Prezident İlham Əliyev öz çıxışında vurğulayıb: “Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk.
Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq”.
Bu gün Azərbaycan Avrasiyanın əsas nəqliyyat-logistika mərkəzlərindən biridir. Ölkəmiz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradılır. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb.
Hazırda Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb.
Ölkə başçısı qeyd edib ki, “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək.”
Çıxışının sonunda Prezident İlham Əliyev yaxın gələcəkdə Zəngəzur dəhlizinin həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcəyinə əminliyini bildirib. Bu da ğz növbəsində bölgədə sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcəkdir.
Təbii ki, bütün bunlar dünyada uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyevin düşünülmüş düzgün xarici siyasətinin nəticəsidir. Dövlətimizin başçısının mötəbər tədbirlərə dəvət edilməsi təkcə ölkəmizin Şərq ilə Qərb arasında tutduğu vacib coğrafi mövqeyindən irəli gəlmir, həm də bilavasitə Prezident İlham Əliyevin nüfuzu və siyasi uzaqgörənliyi ilə bağlıdır.
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü