“Bakı və Pekin arasında tərəfdaşlıq yeni strateji mərhələyə qədəm qoyur” Gündəm

“Bakı və Pekin arasında tərəfdaşlıq yeni strateji mərhələyə qədəm qoyur”

“Prezident İlham Əliyevin Çinin Tiencin şəhərinə səfəri və burada Si Cinpinlə görüşü iki ölkə əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bir daha göstərdi. Çin lideri Azərbaycanın “Bir Kəmər, Bir Yol” təşəbbüsündə mühüm tranzit ölkə olduğunu xüsusi vurğuladı və ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığını dəstəklədiyini bəyan etdi”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi də Orta Dəhlizin artan əhəmiyyətinə diqqət çəkərək bu marşrutun həm Çin, həm də Avrasiya üçün strateji imkanlar açdığını qeyd etdi: “ŞƏT çərçivəsində əməkdaşlığın genişlənməsi Azərbaycanın təhlükəsizlik, iqtisadiyyat və nəqliyyat sahələrində mövqelərini möhkəmləndirə bilər. Tiencin görüşü göstərdi ki, Bakı və Pekin arasında tərəfdaşlıq yeni strateji mərhələyə qədəm qoyur. Azərbaycanın ŞƏT-də gələcəkdə daha geniş təmsilçiliyi isə ölkəmizin regional və qlobal siyasətdə rolunu artıracaq”.

Röya İsrafilova