"Sənədin məzmunu real sülhdən çox kapitulyasiya elementləri daşıyır" Gündəm

"Sənədin məzmunu real sülhdən çox kapitulyasiya elementləri daşıyır"

Rusiya-Ukrayna müharibəsinin dördüncü ilinə daxil olarkən ABŞ tərəfindən irəli sürülən 28 maddəlik sülh planı təbii olaraq beynəlxalq gündəliyin əsas mövzusuna çevrilib. Formal olaraq “münaqişəni dayandırmaq təşəbbüsü” kimi təqdim edilsə də, sənədin məzmunu real sülhdən çox kapitulyasiya elementləri daşıyır.

Bunu xalqcebhesi.az-a politoloq Rəşad Bayramov deyib.

O, qeyd edib ki, ərazi məsələlərində Rusiyanın de-fakto nəzarətini tanımaq, Ukraynanın NATO-ya üzvlük perspektivini konstitusiyada qadağan etmək, ordunun gücünü məhdudlaşdırmaq kimi tələblər işğalın legitimləşdirilməsi riskini yaradır. Bu cür presedent isə beynəlxalq hüququn ən fundamental prinsipini – sərhədlərin toxunulmazlığını – zəiflədə və zor gücünə ərazi əldə etmə praktikasına təhlükəli stimul verə bilər:

"Planın geosiyasi təsirləri bununla da məhdudlaşmır. ABŞ və ümumilikdə Qərbə güvənərək Moskva ilə məsafəli siyasət yürüdən bir çox dövlət indi təhlükəsizlik baxımından risk gördüyü üçün Rusiya ilə yaxınlaşmağa məcbur qala bilər. Mərkəzi Asiya ölkələri, Cənubi Qafqaz, Balkan regionları və Afrika-Orta Şərqdə Moskvanın təsiri artmaq potensialına malikdir.
Dolayısı ilə, Vaşinqtonun Ukrayna sahəsində sərt mövqedən geri çəkilməsi qlobal güc balansında Rusiya və Çin üçün yeni imkanlar açır.

Prosesin gedişatı həm ABŞ-Ukrayna münasibətlərinin gələcəyini, həm də Avropanın təhlükəsizlik arxitekturasının necə formalaşacağını müəyyən edəcək. Bu planın qəbul edilib-edilməməsi təkcə Ukraynanın deyil, bütövlükdə beynəlxalq nizamın gələcəyi üçün test rolunu oynayır".

Cavid