“Ukrayna liderinin mövqeyi daha həssas və zərbəalan vəziyyətə düşür” Gündəm

“Ukrayna liderinin mövqeyi daha həssas və zərbəalan vəziyyətə düşür”

“ABŞ-nin Ukraynaya maliyyə və hərbi yardımı dayandırması və bu qərarın korrupsiya arqumenti ilə əsaslandırılması fonunda Kiyevdə baş verən son hadisələr diqqəti birbaşa Ukrayna siyasi elitasında baş verən təlatümlərə yönəldir. Xüsusilə Zelenski ofisinin rəhbəri Andrey Yermak barəsində aparılan korrupsiya istintaqı və onun evində keçirilən axtarışlardan sonra vəzifədən azad olunması prosesi daha da dramatikləşdirib. ABŞ mətbuatının yazdığına görə, Yermakın istefası onun Vaşinqtona – Trampın xüsusi elçisi Stiven Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşnerlə planlaşdırdığı görüşdən cəmi bir gün əvvəl baş verib. Bu zamanlama təsadüf təsiri yaratmır və Vaşinqtonun Kiyevdə korrupsiya fokuslu siyasi təmizlənmə prosesini təşviq etdiyi barədə ehtimalları gücləndirir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib.

O deyib ki, Yermak uzun müddət Zelenski komandasının ən güclü fiqurlarından biri hesab olunurdu və Ukrayna daxilində bir çox siyasi-ictimai qərarların memarı kimi tanınırdı: “Onun korrupsiya istintaqı fonunda kənarlaşdırılması Zelenski administrasiyasının nüfuzuna zərbə vurur və beynəlxalq səviyyədə “Ukrayna elitasında sistemli korrupsiya” narrativini daha da gücləndirir. Bu isə ABŞ-nin Ukraynaya yardımı dayandırmasına gətirib çıxaran əsas arqumenti – korrupsiya iddialarını – daha legitim və əsaslı göstərmək üçün mühüm siyasi fon yaradır. Vaşinqtonun uzun müddətdir Kiyevdən şəffaflıq tələb etdiyi bilinir və Yermak hadisəsi bu tələbə cavab verməyən Ukrayna siyasi sisteminin böhranlı halını açıq formada göstərir”.

Politoloq əlavə edib ki, bütün bu proseslər Zelenskiyə qarşı daxili və xarici təzyiqlərin artdığını nümayiş etdirir: “Korrupsiya ittihamları artıq təkcə müəyyən məmurlara deyil, bilavasitə Zelenski komandası və onun qərarvermə nüvəsinə yönəlməyə başlayıb. Nəticədə, Ukrayna liderinin mövqeyi əvvəlki illərlə müqayisədə daha həssas və daha zərbəalan vəziyyətə düşür. ABŞ-nin yardımı dayandırması, Yermakın korrupsiya ittihamları, cəmiyyətin müharibədən yorğunluğu və siyasi parçalanma Zelenski üçün çoxcəhətli təzyiq mühiti formalaşdırır. Bu mənzərə göstərir ki, korrupsiya məsələsi yalnız daxili məsələ kimi yox, həm də Zelenski üzərinə qurulan siyasi presinqin əsas alətlərindən birinə çevrilib”.

Röya İsrafilova