13:53
539
“Almaniya Federal Kansleri Merts və İsrailin Baş naziri Netanyahu arasında görüş şübhəsiz ki, İsrail üçün yaxşı bir nəticə vəd edir. Çünki bu günə qədər Avropa ölkələri İsraili Qəzza məsələsində bir qədər çıxdaş edirdilər. Yəni İsrailə qarşı sərt siyasət vardı. Ancaq Almaniya ilk dəfə olaraq bu siyasəti müəyyən qədər yumşaltdı və İsrail hökuməti ilə məsələlər barəsində danışıqlar apardı. Əslində, normal olan məhz budur”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
Onun bildirdiyinə görə, əgər Avropa ölkələri həqiqətən də Fələstini dəstəkləmək istəyirsə, İsrail ilə danışıqları bərpa etməlidir: “Yəqin ki, təmaslar artacaq və bu, əslində, Netanyahu hökumətini daha məsuliyyətli olmağa vadar edir. Çünki Qəzzadakı müharibədən sonra ilk dəfə olaraq İsrailin dünyaya qapısı açılıb, yəni Avropa ölkələri ilə əlaqəsi yenidən bərpa olunub. Mertsin açıqlamasından görünür ki, burada əsas məqsəd İordan çayının sahillərinin ilhaqının qarşısını almaqdır və Almaniyanın Federal Kansleri də açıq şəkildə bəyan etdi ki, heç bir halda İsrail İordan çayının sahillərini ilhaq edə bilməz, yəni bu siyasəti dayandırmalıdır. Ehtimal ki, İsrail bu məsələlərə bir müddət ara verəcək”.
Z.Əmrəliyev deyib ki, bundan əvvəl də ABŞ Prezidenti Donald Tramp İsrailin İordan çayının sahillərini ilhaq etmək siyasətini təxirə salmalıdır demişdi: “Ehtimal ki, bu məsələyə bir qədər ara verəcəklər. Ancaq burada bir məsələ var ki, İsrail hökuməti istənilən halda öz siyasətini Fələstin üzərində davam etdirəcək. Bunu Netanyahu hökuməti açıq-aşkar bəyan edib ki, istənilən halda bu siyasi xətti davam etdirəcəklər. Düşünürəm ki, sadəcə olaraq müəyyən qədər fasilə olacaq. Lakin daha sonra bu siyasət davam etdiriləcək”.
Röya İsrafilova