08:55
574
İşğalçı Ermənistan mütəmadi olaraq ABŞ və Avropa ölkələrindən yardımlar alır, ABŞ Konqresində isə 907-ci düzəliş uzun müddət Azərbaycana təzyiq mexanizmi olaraq saxlanıldı. Ermənistan mütəmadi silahlandırılır və Qərb bunu "regional balans" adı altında legitimləşdirməklə işğalçı və separatçı Ermənistana dəstək verməklə məşğul olurdu.
Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.
"Əlbəttə ki bütün bunlar ABŞ və Avropa İttifaqı ölkələrinin adına yaraşmayan addımlar olaraq tarixə keçdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək gücü əldə edərək, 44 gün ərzində torpaqlarını erməni işğalından azad etməyə müyəssər oldu. Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi olaraq vurğuladığı, ATƏT-in Minsk qrupunun yarıtmaz və anti-Azərbaycan fəaliyyəti ilə bağlı və həmsədrlərin ölkəmizə qarşı çirkin məqsədləri, onların mövcud problemi həll etmək əvəzinə işğalı əbədi etmək istəkləri, Ermənistana haqq qazandırmaq, Azərbaycan xalqını və dövlətini işğalla barışdırmaq cəhdlərinə qarşı Azərbaycanın qəti mövqeyi, siyasi davranış modeli, bütün təzyiqlərə baxmayaraq haqlı mövqeyindən geri addım atmaması, əlbəttə ki, siyasi təcrübə və cəsarətli mövqe nümayiş etdirməklə yanaşı, həmçinin, ordu quruculuğu, daxili sabitliyin təmin olunması istiqamətində atılan addımlar və enerji diplomatiyası ilə iqtisadi inkişafa nail olmaq, nəticədə 2020- ci ildə işləməyən beynəlxalq hüquqa alternativ olaraq öz suveren hüququndan istifadə etmək məcburiyyətində qalaraq, işğalçı və separatçı Ermənistana qarşı yüksək göstəricilər nəticəsində o, böyük qələbəni əldə etdi".
Ç.Şahbazi onu da qeyd edib ki, Azərbaycan həmçinin beynəlxalq hüquqda yeni mərhələ açdı və bu, "uzanan münaqişə" anlayışını dağıtdı. Hüquq, yalnız güc və iradə ilə tamamlananda işlək olur və beynəlxalq hüquq o zaman sənin tərəfində olmağa məcbur qalır. Azərbaycan Prezidenti İlham Əliyev, bunun həyata keçirilməsi üçün nə lazımdırsa hamısını edə bildi və bu gün bütün dünya, hətta işğalçı Ermənistan belə bundan dolayı Azərbaycanı eşitmək məcburiyyətindədir:
"Bu bir reallıqdır və bu reallığı həyata keçirən Ali Baş Komandan cənab prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada qalib gələn ölkə kimi tanınır və regionda əsas söz sahibinə çevrilib".
Cavid