Zahid Oruc: “Vətəndaşın hüquqi müdafiəsi maddi vəziyyətindən asılı olmayacaq” Gündəm

Zahid Oruc: “Vətəndaşın hüquqi müdafiəsi maddi vəziyyətindən asılı olmayacaq”

“Pulsuz hüquqi yardım” haqqında qanun layihəsi ölkəmizin məhkəmə-hüquq sistemində və vətəndaşların konstitusion hüquqlarının qorunmasında mühüm təşəbbüslərdən biridir.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentin bugünkü plenar iclasında qanun layihəsinin müzakirəsi zamanı çıxışında bildirib.

O qeyd edib ki, Konstitusiyanın 61-ci maddəsində hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ təsbit olunub: “Təqdim edilən qanun layihəsi hüquqi yardıma ehtiyacın miqyasının, mövcud vəkil potensialının, məhkəmələrin iş yükünün və vətəndaşların real ödəmə imkanlarının qiymətləndirilməsini tələb edir. Layihədə hüquqi dəstək ilkin və peşəkar yardım formalarına ayrılır, xidmətdən istifadə edə biləcək şəxslərin dairəsi konkretləşdirilir. Eyni zamanda, vəkillərin ildə azı 30 saat ictimai fayda naminə ödənişsiz hüquqi yardım göstərməsi – pro bono fəaliyyəti nəzərdə tutulur. Yeni qanuna ehtiyacın miqyasını məhkəmə statistikası da təsdiqləyir. Ali Məhkəmənin 2025-ci il üzrə hesabatına əsasən, təkcə birinci instansiyada iki fərqli kateqoriya üzrə baxılmış işlərin ümumi sayı 300 min 356-dan çoxdur. Bu statistikaya cinayət işləri, inzibati və kommersiya mübahisələri daxil deyil. Məhkəmələrə müraciət edən vətəndaşların nə qədərinin vəkil xidmətlərinin haqqını ödəmək imkanına malik olmadığını müəyyənləşdirmək üçün əhatəli tədqiqatlara ehtiyac var. Həmin işlərin cəmi 10 faizində belə vəkil haqqını ödəyə bilməyən vətəndaşların olması 30 mindən artıq iş üzrə hüquqi yardıma ehtiyac deməkdir”.

Deputat Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Komissiyasının (CEPEJ) 2024-cü il hesabatına da diqqət çəkib. Bildirib ki, Azərbaycanda dövlət hesabına hüquqi yardım üçün 2 milyon 855 min avro xərclənib. Lakin bu vəsaitin 99,5 faizi cinayət işlərinə, cəmi 0,5 faizi isə digər məsələlərə yönəldilib.

O qeyd edib ki, yaşayış evindən çıxarılmaq təhlükəsi ilə üzləşən, əməkhaqqını ala bilməyən və ya sosial müavinətlə bağlı dövlət orqanının qərarından şikayət edən şəxslərin də peşəkar hüquqi dəstəyə ehtiyacı var:

“2024-cü ildə Azərbaycanda adambaşına düşən dövlət hüquqi yardımı xərci 0,28 avro təşkil edib. Şərq Tərəfdaşlığı ölkələri üzrə orta göstərici isə 0,86 avrodur”.

Komitə sədri vəkillərin sayına da toxunaraq qeyd edib ki, son illərdə Vəkillər Kollegiyasının fəaliyyəti nəticəsində bu sahədə müəyyən irəliləyiş əldə olunub. 2020-ci ildə hər 100 min nəfərə 20,4 vəkil düşdüyü halda, 2024-cü ildə bu göstərici 24,6-ya yüksəlib. Hazırda ölkədə 3 min 3 vəkil fəaliyyət göstərir. Bununla belə, vəkillərin regionlar üzrə bölgüsündə qeyri-bərabərlik qalır. Belə ki, onların yalnız 538 nəfəri, yəni 18 faizi bölgələrdə çalışır.

Deputat hakimlərin sayına dair statistik göstəriciləri də diqqətə çatdırıb. CEPEJ-in 2024-cü il məlumatlarına əsasən, Azərbaycanda 631 hakim, hər 100 min nəfərə 6,2 peşəkar hakim düşür. Müqayisə üçün bu göstərici Gürcüstanda 9,9, Ukraynada 12,1, Moldovada isə 13,7 təşkil edir.

Z.Oruc hüquqi yardımın qiymətinin də vətəndaşlar üçün mühüm amil olduğunu bildirib. O, “ASAN xidmət”in rəsmi səhifəsində göstərilən qiymətlərə istinad edərək şifahi hüquqi məsləhətin 20 manat, iddia ərizəsinin hazırlanmasının 70-100 manat, kassasiya şikayətinin tərtibi və vəkilin məhkəmədə iştirakının isə 400 manat təşkil etdiyini qeyd edib.

Deputat qanun layihəsinin maliyyələşmə mexanizmlərinə də toxunub. Bildirib ki, layihənin 12.1-ci maddəsinə əsasən, peşəkar hüquqi yardımın hər saatı üçün minimum aylıq əməkhaqqının 0,0275 misli həcmində, yəni 2026-cı ilin minimum əməkhaqqı göstəricisi ilə 11 manat ödəniş nəzərdə tutulur. İlkin hüquqi yardımın hər bir xidməti üçün isə bu məbləğ 6 manatdır.

Millət vəkili hüquqi yardımın kadr təminatının da diqqətdə saxlanılmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, 2024-2025-ci tədris ilində bakalavriat səviyyəsində hüquq ixtisasına ayrılmış 1395 qəbul yerinin hamısı tutulub. Bununla belə, hüquqşünas kadrların hazırlanması və mövcud tələbatın qarşılanması məsələsi aktuallığını qoruyur.

Z.Oruc qanun layihəsinin növbəti oxunuşları üçün üç konkret təklif irəli sürüb. Bunlar hüquqi yardım almaq üçün gəlir meyarına yenidən baxılması, yardımın tətbiq olunduğu iş kateqoriyalarının genişləndirilməsi və hüquqi yardımın idarə edilməsində hesabatlılığın daha dəqiq müəyyənləşdirilməsidir.

Deputat sonda dövlətin vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi üçün üzərinə maliyyə öhdəliyi götürməsini yüksək qiymətləndirib:

“Vətən müharibəsində qalib gələn bir ölkədə – ən ali və bəşəri hüququ təmin edən bir dövlətdə vətəndaş hüququnun müdafiəsi insanların maddi vəziyyətindən asılı olmayacaqdır”.

Günel Elxan