“Ombudsman institutunun gücü vətəndaşın hüququ pozulduqda ölçülür” – Zahid Oruc Siyasət

“Ombudsman institutunun gücü vətəndaşın hüququ pozulduqda ölçülür” – Zahid Oruc

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən İnsan hüquqları üzrə müvəkkil vəzifəsinə üç namizədin Milli Məclisə təqdim edilməsi ölkənin hüquqi dövlət quruculuğunda mühüm institutlardan birinin fəaliyyətində yeni mərhələnin başlanğıcıdır”.

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, 24 illik tarixə malik Ombudsman institutu güclü hüquqi bazası, institusional təməlləri, peşəkar mərkəzi aparatı, regional strukturları və beynəlxalq əlaqələri ilə ölkənin müstəqil hüquq müdafiə mexanizmlərindən biridir. Azərbaycan Ombudsman təsisatının yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1998-ci il 22 fevral tarixli Fərmanda və həmin ilin 18 iyununda təsdiq edilən İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramında belə bir institutun yaradılması nəzərdə tutulub. 2001-ci il dekabrın 28-də isə Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili haqqında” Konstitusiya Qanunu qəbul edilib. Ombudsman nə icra hakimiyyətinin tərkib hissəsidir, nə də məhkəməni əvəz edən orqandır. Onun əsas vəzifəsi dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların fəaliyyəti nəticəsində pozulan insan hüquqlarının bərpasına kömək etmək, belə pozuntuların qarşısını almaq və dövlətlə vətəndaş arasında əlavə hüquqi müdafiə mexanizmi yaratmaqdır. Son yeddi il Azərbaycan Ombudsmanının fəaliyyəti baxımından tarixi mərhələ olub. 44 günlük Vətən müharibəsi, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış və 2023-cü ildə dövlət suverenliyinin tam bərpası ölkənin hüquqi və institusional reallığını dəyişib. Dövlətin konstitusion yurisdiksiyası bütün ərazilərdə bərqərar olub, bu isə Ombudsman institutunun fəaliyyət coğrafiyasını və hüquqi vəzifələrini genişləndirib”.

Millət vəkili diqqətə çatdırıb ki, yeni Ombudsman fəaliyyətə insan hüquqları sahəsində qlobal çağırışların dəyişdiyi bir dövrdə başlayacaq: “Müharibələr, geosiyasi qarşıdurmalar, miqrasiya böhranları, informasiya müharibələri, süni intellekt və rəqəmsal texnologiyaların sürətli inkişafı dövlətlər qarşısında yeni hüquqi və mənəvi məsuliyyətlər yaradır. Artıq insan hüquqlarının pozulması fiziki zorakılıq, qanunsuz həbs və mülkiyyətə müdaxilə ilə məhdudlaşmır. Fərdi məlumatların qanunsuz istifadəsi, süni intellekt vasitəsilə saxta görüntülərin hazırlanması, rəqəmsal ayrı-seçkilik, şəxsi həyata müdaxilə və alqoritmik qərarların doğurduğu hüquqi nəticələr də ciddi təhlükələr sırasındadır. İnsan hüquqları məsələsinin beynəlxalq münasibətlərdə siyasi təzyiq vasitəsinə və geosiyasi maraqların alətinə çevrilməsi halları da diqqətdən kənarda qalmamalıdır. Gələcək Ombudsmanın əsassız ittihamlara və selektiv yanaşmalara qarşı prinsipial mövqeyi ilə yanaşı, ölkə daxilində obyektiv və əsaslı iradların araşdırılmasında da eyni dərəcədə qətiyyətli olması vacibdir. Gələcək Müvəkkil daha təşəbbüskar olmalı, beynəlxalq platformalarda fəallığını artırmalı, dövlət orqanlarına münasibətdə isə daha tələbkar mövqe nümayiş etdirməlidir. Ombudsman yalnız beynəlxalq təşkilatlara cavab verən tərəf kimi çıxış etməməli, eyni zamanda qlobal insan hüquqları gündəliyinə yeni mövzular təqdim edən və digər milli insan hüquqları institutları ilə birgə təşəbbüslər irəli sürən təsisat olmalıdır”.

Deputatın sözlərinə görə, gələcək Ombudsmandan əsas gözləntilər peşəkarlıq, müstəqillik, obyektivlik və prinsipiallıqdır: “Müvəkkil dövlət orqanları ilə əməkdaşlığı gücləndirməli, lakin onların fəaliyyətindəki nöqsanları göstərməkdən çəkinməməlidir. Vətəndaş Ombudsmana müraciət etdikdə hüququnun bərpası üçün real hüquqi müdafiə mexanizmi görməlidir. Ombudsman institutunun gücü vətəndaşın hüququ pozulduqda nə qədər prinsipial mövqe tutması ilə ölçülür”.

O əlavə edib ki, yeni Ombudsman həm formalaşmış ənənələrin davamçısı, həm də qalib Azərbaycanın insan hüquqları siyasətində yeni hədəflərə çatmasının təşəbbüskarı olmalıdır.

Günel Elxan