Hicran Hüseynova: “Pulsuz hüquqi yardımın əhatə dairəsi genişləndirilir” Gündəm

Hicran Hüseynova: “Pulsuz hüquqi yardımın əhatə dairəsi genişləndirilir”

“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Prezident İlham Əliyevin bu fikrinin dövlət idarəçiliyinin və sosial-iqtisadi siyasətin əsas prinsiplərindən biri olduğunu bildirən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin də məhz bu baxımdan mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Bunu deputat Milli Məclisin 30 oktyabr tarixli plenar iclasında qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

O qeyd edib ki, yeni qanun layihəsinin hazırlanması zərurətindən irəli gələrək üç məcəllə və 11 qanuna əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Dünyanın bir çox ölkəsində pulsuz hüquqi yardım sisteminin mövcud olduğunu bildirən komitə sədri bu mexanizmlərin dövlətlərin hüquq sistemindən, maliyyə imkanlarından və sosial siyasətindən asılı olaraq fərqləndiyini diqqətə çatdırıb.

H.Hüseynovanın sözlərinə görə, təqdim olunan layihə hüquq bərabərliyinin və ədalət mühakiməsinə əlçatanlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu, Konstitusiyanın 61-ci maddəsində təsbit edilmiş yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun real mexanizmə çevrilməsinə, eyni zamanda sosial cəhətdən həssas təbəqələrin hüquqlarının qorunmasına xidmət edir.

Komitə sədri bildirib ki, hazırda ölkədə həssas əhali qruplarının hüquqlarının müdafiəsi üçün dövlət hesabına pulsuz hüquqi yardım sistemi mövcuddur. Lakin bu imkanlardan istifadə etmək istəyən bir çox vətəndaş müxtəlif çətinliklərlə üzləşir.

O, əsas problemlərdən birinin məlumatsızlıq olduğunu vurğulayıb. Qeyd edib ki, bir çox vətəndaş hansı qurumlara müraciət etməli olduğunu, Vəkillər Kollegiyasının pulsuz hüquqi yardım xidmətləri, müvafiq QHT-lərin layihələri və digər imkanlar barədə məlumatlı deyil. Nəticədə, vaxtında müraciət etmədikləri üçün qanuni müdafiə imkanlarını itirirlər.

H.Hüseynova əlavə edib ki, xüsusilə əlilliyi olan şəxslər, məişət zorakılığından zərər çəkənlər, insan alverinin qurbanları və valideyn himayəsindən məhrum olmuş gənclər özünəinamın aşağı olması, cəmiyyətdən təcrid olunma və təqib olunma qorxusu kimi psixoloji maneələrlə də qarşılaşırlar. Bu isə onların hüquqi yardıma ehtiyac duysalar belə, hüquq-mühafizə orqanlarına və vəkillərə müraciət etmələrini çətinləşdirir.

Deputat bildirib ki, yeni qanun layihəsi pulsuz hüquqi yardıma ehtiyacı olan şəxslərin əhatə dairəsini genişləndirir, hüquq bərabərliyini təmin edir və bu sahədə vahid, işlək hüquqi mexanizm formalaşdırır.

Onun sözlərinə görə, qanunvericiliyə təklif edilən dəyişikliklərə əsasən, dövlət hesabına pulsuz hüquqi və vəkil xidmətlərindən əlilliyi olan və işləməyən şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, şəhid ailələrinin üzvləri və müharibə veteranları, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, işsiz kimi rəsmi qeydiyyatda olan şəxslər, insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar, eləcə də maddi vəziyyəti çətin olan və gəlirləri yaşayış minimumundan aşağı qiymətləndirilən digər şəxslər yararlana biləcəklər.

Komitə sədri vurğulayıb ki, qanunvericiliklə müəyyən edilmiş qaydada pulsuz hüquqi yardım göstərən vəkillərin xidmət haqları və digər zəruri xərclər dövlət büdcəsinin vəsaiti, o cümlədən Vəkillər Kollegiyasına ayrılan vəsaitlər hesabına qarşılanacaq.

H.Hüseynova qeyd edib ki, qanun layihəsi komitənin iclasında müzakirə olunaraq birinci oxunuşda baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Günel Elxan