“Bu toqquşmanın qarşısını almaq hər iki tərəfə sərf edir” Gündəm

“Bu toqquşmanın qarşısını almaq hər iki tərəfə sərf edir”

Qeyd olunur ki, İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək Türkiyədə görüş keçirməyi təklif ediblər.
Bildirilib ki, vasitəçilərlə İran arasında görüşün Türkiyədə keçirilməsi ilə bağlı məsləhətləşmələr aparılır.

Təklif olunan görüş haqqında xalqcebhesi.az-a fikirlərini bölüşən siyasi ekspert Zeynal Əmrəliyev deyib ki, əgər tərəflərin arasında görüş keçirilməzsə, yeni münaqişə baş verəcək və indiki halda da münaqişə heç kimə sərf etmir: “İlk növbədə ABŞ-də ara seçkiləri gözlənilir. Əgər bu halda kəskinləşmiş müharibə baş verərsə, o zaman tərəflərin arasında Trampın nüfuzu ciddi şəkildə aşağı düşə bilər. Yəni Respublikaçılar Konqresdə yerləri itirə bilərlər. Bu da Trampın prezidentliyini çox çətin vəziyyətə salacaq”.

Onun sözlərinə görə, ikinci məsələ isə İranın özü ilə bağlıdır: “İran sonuncu toqquşmalarda kifayət qədər güc itirib və bu cür güc itkisi ilə də yenidən yola davam etmək və ABŞ-nin və İsrailin növbəti hədəflərinə güc gəlmək, əlbəttə ki, rəsmi Tehran üçün böyük problemdir. Buna görə də danışıqlar yolu ilə məsələni həll etmək istəyirlər. Üstəlik, növbəti toqquşma Prezident Məsud Pezeşkiana sərf etmir. Çünki bu, ölkədə SEPAH-ın mövqelərinin güclənməsinə səbəb olacaq və bu da İran üçün çox ciddi problemlər deməkdir. Buna görə də Pezeşkian və komandası, xüsusilə də xarici işlər naziri Abbas Əraqçi maksimum şəkildə çalışır ki, bu münaqişə tez bir zamanda sülh yolu ilə heç olmasa dondurulsun. Bunu hər kəs bilir ki, münaqişənin tamamilə sülhə bağlanması üçün indiki halda heç bir ümid yoxdur”.

“Ancaq ən azından yeni bir toqquşmanın qarşısını ala bilərlər və bu toqquşmanın qarşısını almaq hər iki tərəfə sərf edir. Xüsusilə də nəzərə alaq ki, İsraildə hazırda seçkilərdən sonra siyasi təlatüm hökm sürür və yeni hökumət qurula bilmir. Heç qurulacağı da gözlənilmir. Çünki ərəblər gözləntinin əksinə çox böyük bir üstünlük qazanıblar. Bu da ABŞ və İran arasındakı məsələlərin danışıqlar yolu ilə həll olunması üstünlüyünü daha da artırır. Düşünürəm ki, Türkiyədə danışıqlar keçirilə bilər və ciddi qərarlar qəbul edilə bilər” – deyə ekspert bildirib.

Röya İsrafilova