“Pulsuz hüquqi yardım ədalət mühakiməsinə əlçatanlığı təmin edəcək” Gündəm

“Pulsuz hüquqi yardım ədalət mühakiməsinə əlçatanlığı təmin edəcək”

“Pulsuz hüquqi yardım haqqında” qanun layihəsi ölkəmizin hüquq sistemində, xüsusilə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində yeni mərhələnin əsasını qoyacaq. Sənəd ədalət mühakiməsinə hamı üçün bərabər və maneəsiz əlçatanlığın təmin edilməsinə xidmət edir.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamran Bayramov parlamentin bugünkü plenar iclasında qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

Deputat bildirib ki, Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq yalnız qanunvericilikdə təsbit olunmaqla məhdudlaşmamalı, real həyatda hər bir vətəndaş üçün əlçatan olmalıdır:

Qanun layihəsi sosial dövlət anlayışının praktik təzahürüdür. Sənədin əsas məqsədi cəmiyyətin həssas təbəqələrinin maddi imkanlarından asılı olmayaraq dövlət hesabına keyfiyyətli hüquqi yardım almasını təmin etməkdir. Layihədə hüquqi yardım ilkin və peşəkar hüquqi yardım olmaqla iki səviyyəyə bölünür. Xüsusilə “paraleqal” institutunun və ali təhsil müəssisələrində hüquq klinikalarının fəaliyyətinin qanunvericilik səviyyəsində təsbit olunması mühüm yenilikdir. Bu mexanizm regionlarda və ucqar kəndlərdə yaşayan vətəndaşların hüquqi məlumatlandırılmasına, ərizə və müraciətlərinin hazırlanmasına kömək edəcək, hüquqi maarifləndirmənin səviyyəsini yüksəldəcək”.

O, sistemin səmərəli fəaliyyətində hüquq ictimaiyyətinin sosial məsuliyyətinin də mühüm rol oynadığını vurğulayıb.

Bildirib ki, vəkillərin il ərzində ödənişsiz hüquqi yardım göstərməsi öhdəliyinin nəzərdə tutulması vəkillik peşəsinin sosial məsuliyyətini artıracaq və cəmiyyətə xidmət prinsipini gücləndirəcək.

K.Bayramov əlavə edib ki, hüquqi yardım xidmətlərinin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi, xidmət haqlarının müəyyən edilmiş misillər əsasında hesablanması, Vəkillər Kollegiyası tərəfindən elektron reyestrlərin aparılması, eləcə də rüblük və illik hesabatlılıq sistemdə şəffaflığı və operativliyi təmin edəcək.

Deputat hesab edir ki, qanun layihəsinin qəbul edilməsi ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində mühüm dönüş yaradacaq, sosial ədaləti möhkəmləndirəcək və vətəndaşların dövlətə inamını daha da artıracaq.

O, layihənin konseptual baxımdan yüksək səviyyədə hazırlandığını bildirərək sənədin dəstəklənməsinin və qəbul edilməsinin vacibliyini vurğulayıb.

Günel Elxan