Fazil Mustafa: “Pulsuz hüquqi yardım gəlir meyarına əsaslanmalıdır” Gündəm

Fazil Mustafa: “Pulsuz hüquqi yardım gəlir meyarına əsaslanmalıdır”

“Pulsuz hüquqi yardım sistemində əsas meyar vətəndaşın hansı sosial kateqoriyaya aid olması deyil, onun real maddi imkanları olmalıdır. Hüquqi yardıma ehtiyacı olan şəxslərin gəlirlərinə əsaslanan vahid meyarın müəyyənləşdirilməsi daha məqsədəuyğundur”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa parlamentin 30 oktyabr tarixli plenar iclasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında bildirib.

Deputat qeyd edib ki, beynəlxalq təcrübədə pulsuz hüquqi yardımın təşkili ölkələrin hüquq sistemindən, maliyyə imkanlarından və sosial siyasətindən asılı olaraq fərqlənir: “Bir sıra ölkələrdə bu xidmətlərin maliyyələşdirilməsində vəkillər birliklərinin gəlirləri və bələdiyyələrin imkanları da mühüm rol oynayır.Azərbaycanda da qəbul edilən qanun insanların həqiqətən hüquqi xidmət əldə etməsinə şərait yaratmalıdır. Vəkillər Kollegiyası indiyədək bu sahədə ciddi işlər görüb, müxtəlif humanitar aksiyalar keçirib və vəkillərin sayının artması müəyyən problemlərin azalmasına kömək edib”.

Deputat dövlət hesabına pulsuz hüquqi yardım göstərilməsini müsbət addım kimi qiymətləndirsə də, bu mexanizmin ehtiyacı olan bütün insanları əhatə edib-etməyəcəyi məsələsinə aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, qanun layihəsində şəhid ailələri, müharibə veteranları və digər sosial kateqoriyalar üzrə təsnifat aparılıb. Lakin əsas meyar vətəndaşın maddi vəziyyəti olmalıdır:

“Minimum əməkhaqqı 400 manatdır. Tutaq ki, 400 manatdan aşağı gəliri olan vətəndaşların hamısına bu hüququn şamil olunması daha doğru olar, nəinki biz kateqoriyalara bölək. Elə müharibə veteranı var ki, obyekti var, oradan gəlirləri yüksək səviyyədədir. Elə insan var ki, sosial təminat ala bilmir, evinə 100-200 manat vəsait daxil olur. Onun isə bu yardıma ehtiyacı var”.

F.Mustafa hesab edir ki, pulsuz hüquqi yardımın tətbiqində əsas diqqət sosial statusa deyil, real ehtiyaca yönəldilməlidir.

Millət vəkili hüquqi yardımın ilkin və peşəkar formaları arasında fərqin dəqiq müəyyənləşdirilməsini təklif edib.

O, bu kontekstdə paralegal mexanizminə diqqət çəkərək hüquq təhsili olan, lakin Vəkillər Kollegiyasının üzvü olmayan şəxslərin ilkin hüquqi xidmət göstərməsi imkanının nəzərdən keçirilməsini məqsədəuyğun sayıb.

Deputat xatırladıb ki, Azərbaycanda əvvəllər nümayəndəlik institutu mövcud olub, lakin peşəkar hüquqi xidmətin təmin edilməsi məqsədilə bu mexanizm aradan qaldırılıb.

F.Mustafa qanun layihəsinin daha çox ilkin hüquqi xidmətə yönəldilməsini, peşəkar vəkil xidmətindən fərqləndirən meyarların isə qanunla dəqiq müəyyən edilməsini təklif edib.

Günel Elxan