
Azərbaycan regionda sabitliyin tərəfdarı olaraq İran–ABŞ münasibətlərində dialoqun bərqərar olmasına maraq göstərir. “Xalq Cəbhəsi”nə açıqlama verən deputatlar bildirib ki, İran Azərbaycanın cənub qonşusu və xarici siyasətində önəmli ölkədir. Hazırda Tehran və Vaşinqton arasında danışıqlar aparılır, amma hələ ciddi razılıq əldə edilməyib və proses strateji ehtiyatla davam edir.
Millət vəkili Arzu Nağıyev bildirib ki, İranın danışıqlardakı mövqeyi hazırda strateji və diqqətlə hesablanmış xarakter daşıyır.
Deputat vurğulayıb ki, Tehran təzyiq altında diplomatik addımlar atmamaq və öz mövqeyini güclü göstərmək üçün danışıqları şərti formatda saxlayır: “Əsas məqsəd Qərbə bir siqnal verməkdir ki, real güzəşt olmadan danışıqlar dayandırıla bilər. Əraqçinin açıqlaması diplomatik ultimatum deyil, sadəcə strateji xəbərdarlıqdır. İran rəhbərliyi daxildə zəif görünmək istəmir, eyni zamanda bir sıra körfəz ölkələrinə sərt mövqeyini göstərir. Bu, sanksiyalar və hərbi təzyiqlərlə bağlı ciddi mesajdır. İranın danışıqları izləmə tərzi, təzyiq və test dövrü kimi qiymətləndirilə bilər.
Prosesin nəticəsi 50%-ə yaxın müsbət bir addım ola bilər. Bunun səbəbi odur ki, sanksiyalar tətbiq olunur və saxlanır, amma danışıqlar davam edir. ABŞ və Avropada isə İranla yumşaq siyasətin tərəfdarları zəifləyir, sərt mövqedə olanlar isə öz xətlərini qoruyurlar. İran bu kontekstdə diplomatiyanı ön planda saxlayır, ancaq real razılaşmalar üçün konkret addımlar tələb olunur. Dondurulmuş diplomatiya da ola bilər; görüşlər texniki səviyyədə qalacaq, siyasi razılaşma isə hələ mümkün görünmür. Azərbaycan Prezidenti İlham Əliyevin İran rəhbərliyi ilə apardığı telefon danışığı Azərbaycanın sülhsevər mövqeyini nümayiş etdirir. Bu addım həm də sülhün bərqərar olması üçün mühüm mesajdır. Azərbaycan bu baxımdan regionda sabitliyi dəstəkləyən və dialoqa üstünlük verən dövlət olduğunu bir daha göstərir”.
Gərgin faza
Deputat Arzuxan Əlizadə diqqətə çatdırıb ki, İran-Amerika münasibətləri hazırda qərgin fazada davam etməkdədir: “Əslində, danışıqlar baş tutmuş kimi görünür, amma istənilən halda məsələ burasındadır ki, hələ ciddi bir razılıq əldə edilməyib”.
Millət vəkili qeyd edib ki, əvvəlki dönəmlərdə hətta danışıqların olub-olmayacağı ciddi sual altında idi və İran daha çox “vurulacaq” mövqeyində idi: “Lakin nəticə etibarı ilə danışıqlara gedildi və Omanda baş tutan görüşlərdən sonra müəyyən ümid yaranıb ki, danışıqlarla nəyəsə nail olmaq mümkün olacaq. İranın rəsmi şəxslərinin açıqlamaları, xüsusilə də İran Xarici İşlər Naziri Əraqçinin bəyanatları diqqət çəkir. Əraqçi faktiki olaraq bəyan edib ki, ABŞ-nin bir sıra şərtləri, xüsusilə balistik raket proqramı və regional məsələlər, müzakirə mövzusu olmayacaq. İranın sansiyalar altında olduğunu və bu sansiyalardan geri çəkilmədiyi müddətdə ABŞ ilə danışıqların mümkün olacağını vurğulayıb.
Etimad mühiti formalaşarsa və İrana hörmətlə yanaşılarsa, danışıqlar davam edəcək. Buna baxmayaraq, hələ ki, Maskat və Oman görüşlərində yalnız başlanğıc səviyyəsində irəliləyiş əldə olunub və ciddi nəticə yoxdur. ABŞ Prezidentinin ritorikasında əvvəlki dövrlərə nisbətən müəyyən yumşalma olsa da, əgər danışıqlar nəticə verməsə, bu, növbəti ciddi eskalasiyanın, ötən ilin iyununda baş vermiş 12 günlük müharibə səviyyəsində gərginliyin təkrarlanması ehtimalını istisna etmir”.
Azərbaycanın mövqeyi
Deputat Aydın Mirzəzadə isə qeyd edib ki, İran Azərbaycanın cənub qonşusu və ölkəmizin xarici siyasətində əsas istiqamətlərdən biridir: “Bu baxımdan Azərbaycan İranda sabitliyin təmin olunmasında və İran–Qərb qarşıdurmasının tezliklə aradan qalxmasında maraqlıdır”.
Onun fikrincə, hazırda İranla ABŞ arasında müəyyən danışıqlar gedir və tərəflər onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparırlar: “Əlbəttə, bir və ya bir neçə danışıqlar raundu ilə bütün problemlərin həll olunacağını gözləmək real deyil. Ancaq münasibətlərin ölü nöqtədən tərpənməsi və dialoqun başlaması müsbət haldır. Tərəflər arasında fərqli mövqelərin olması təbiidir.
Müxtəlif yanaşmalar və rəylər olacaq, hər kəs öz mövqeyində israr edəcək. Diplomatiyanın gücü isə məhz bu mövqeləri bir-birinə yaxınlaşdırmaq bacarığındadır. Ümid edirik ki, aparılan danışıqlar konkret nəticələr verəcək”.
Günel Elxan