“Sülh Şurası Azərbaycanın qlobal rolunu təsdiqlədi” Gündəm

“Sülh Şurası Azərbaycanın qlobal rolunu təsdiqlədi”

“Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trumpın dəvəti ilə ABŞ-a işgüzar səfəri və Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirakı rəsmi Bakının beynəlxalq təhlükəsizlik və sülh gündəliyində artan rolunun, eləcə də Prezident İlham Əliyevin praqmatik və balanslaşdırılmış xarici siyasətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyinin bariz göstəricisidir”.

Bunu Milli Məclisin üzvü Tamam Cəfərova Xalqcebhesi.az-a açıqlaması zamanı deyib.

Deputat qeyd edib ki, Azərbaycanın bu cür nüfuzlu beynəlxalq platformalarda iştirakı ölkəmizin artıq qlobal proseslərin mərkəzində qərarlaşdığını nümayiş etdirir: “Cənab Prezidentin Sülh Şurasının ilk iclasında iştirakı Azərbaycanın xarici siyasət strategiyasının məntiqi və ardıcıl davamı olmaqla yanaşı, ölkəmizin beynəlxalq münasibətlər sistemindəki güclü mövqeyinin növbəti təsdiqidir. Bu iştirak bir daha göstərdi ki, Azərbaycan qlobal siyasi arenada təşəbbüs göstərən, dialoqa açıq və məsuliyyətli tərəfdaş kimi qəbul olunur və sülhün əldə edilməsi, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi istiqamətindəki fəaliyyəti ilə dünya birliyinə nümunə göstərir. Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan həm regionda, həm də qlobal miqyasda sülhün və əmin-amanlığın təşviqinə öz töhfəsini verməkdə davam edir.ABŞ Prezidentinin bir neçə dəfə ölkəmizin rəhbərinə müraciət etməsi və görüşlər keçirməsi Prezident İlham Əliyevə verilən yüksək dəyərin göstəricisidir və bu, dövlətimizin beynəlxalq proseslərdə oynadığı rolun səmərəli olduğunu bir daha sübut edir.
Prezident İlham Əliyevin Sülh Şurasının ilk iclasında etdiyi çıxış və apardığı müzakirələr Azərbaycanın sülh və dialoq proseslərinə verdiyi önəmi bir daha nümayiş etdirdi. Onun sözlərinə görə, iclas çərçivəsində aparılan müzakirələr Azərbaycanı regional reallıqları düzgün qiymətləndirən və sülhə aparan real mexanizmlər təklif edən ölkə kimi təqdim etdi.
Azərbaycan xüsusilə Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində liderlik mövqeyini davam etdirir. Prezident İlham Əliyevin mövqeyi beynəlxalq hüququn əsas prinsiplərinə, dövlətlərin suverenliyinə və qarşılıqlı hörmətə əsaslanan sülh modelinin vacibliyini ön plana çıxarır. Bu yanaşma populist çağırışlardan deyil, konkret təcrübə və nəticəyə hesablanmış siyasi iradədən qaynaqlanır. İclas çərçivəsində regionla bağlı keçirilən təmaslar, o cümlədən Ermənistanla dialoq istiqamətində atılan addımlar Azərbaycanın sülh gündəliyinə sadiqliyini bir daha nümayiş etdirdi. Məhz bu siyasətin nəticəsidir ki, formalaşan yeni regional reallıqlar beynəlxalq platformalarda getdikcə daha açıq şəkildə qəbul olunur.
Eyni zamanda, Sülh Şurasının gündəliyində yer alan humanitar və bərpa məsələləri Azərbaycanın post-münaqişə dövründə qazandığı unikal təcrübənin beynəlxalq səviyyədə maraq doğurduğunu göstərir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri artıq münaqişədən çıxmış ərazilərin dirçəldilməsi baxımından beynəlxalq nümunə kimi dəyərləndirilir”.

Azərbaycan–ABŞ münasibətlərinə toxunan Tamam Cəfərova qeyd edib ki, Sülh Şurası iclasında Prezident Donald Trampın səsləndirdiyi təbriklər iki ölkə arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini bir daha təsdiqlədi: “Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycanla ABŞ arasında mühüm strateji sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə şərait yaradıb.Beləliklə, Prezident İlham Əliyevin Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında iştirakı Azərbaycanın müstəqil, praqmatik və gələcəyə hesablanmış xarici siyasət kursunun təzahürü kimi qiymətləndirilməlidir. Bu iştirak bir daha təsdiqlədi ki, Azərbaycan yalnız regional deyil, eyni zamanda qlobal gündəliyin formalaşmasında söz sahibi olan etibarlı tərəfdaşdır”.

Günel Elxan