Zahid Oruc: “Ulu öndər nə İranın dini dövlət modelini, nə də Türkiyənin konstitusion quruluşunu qəbul etdi” Siyasət

Zahid Oruc: “Ulu öndər nə İranın dini dövlət modelini, nə də Türkiyənin konstitusion quruluşunu qəbul etdi”

“Azərbaycan xalqı çoxəsrlik mübarizə tarixində fərqli siyasi quruluşlara malik onlarla dövlət yaradıb. İslam dininin qəbulu və son min il ərzində müsəlman Şərqində Səfəvilərdən xanlıqlara, quberniyalardan Cümhuriyyətə qədər əsas milli ideyamız etnik kimliyimizi qorumaq və müstəqil dövlət qurmaq iradəsi olub”.

Xalq Cəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, azərbaycanlıları yalnız Rusiya, Osmanlı və Pers imperiyaları arasında hüquqsuz, müstəmləkəçiliklə barışmış toplum kimi göstərmək onları zəngin və qürurlu keçmişindən qoparmaq deməkdir.

Zahid Oruc qeyd edib ki, 1991-ci ildə müxtəlif ideologiyalı qüvvələr – özünü Qızılbaşlar, islamçı və türk millətçiləri adlandıranlar dövlətimizin siyasi quruluşunu qonşu ölkələrin uzantısı kimi görürdülər. Lakin milli lider Heydər Əliyev yeni Konstitusiyanın hazırlanmasına şəxsən özü rəhbərlik etdi.

“Ulu öndər nə İranın dini dövlət modelini, nə də tez-tez siyasi çevrilişlərə yol açan Türkiyənin konstitusion quruluşunu qəbul etdi. 1994-cü ildə Böyük Millət Məclisində çıxış edərkən ölkə başçısı deyirdi: “Atatürkün ən böyük tarixi xidmətlərindən biri Türkiyədə demokratik və dünyəvi dövlətin əsasını qoyması Azərbaycan üçün də təcrübə məktəbidir”.

Lakin Heydər Əliyev xalqımızı öz adı ilə dünya siyasi xəritəsinə çıxardı. “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” şüarı o demək idi ki, biz etnik kimliyimizi və millət adımızı heç kimə qurban verməyəcəyik. “Mən türkəm”, “mən müsəlmanam”, “mən şiəyəm”, “mən yəhudiyəm”, “mən azərbaycanlıyam”deyən insanların bir dövləti var – Azərbaycan!

Vətən müharibəsində fərqli bölgələrdən, müxtəlif etnik və dini inanclardan olan milyonlarla insan bir bayraq altında düşmənə qarşı birləşdi. Şəhidlər Xiyabanı xalqımızın vahidliyini əks etdirən müqəddəs məkandır. 44 günlük savaşda parlaq Qələbə xalqımıza qalib siyasi kimlik qazandırdı. Qarabağ Zəfəri Azərbaycanın hərbi qüdrəti ilə bərabər, milli dövlət quruluşunun da gücünü dünyaya nümayiş etdirdi.

Ölkəmiz ərazi bütövlüyünü təmin etdikdən sonra ideoloji məkanını da işğaldan təmizləyir. Qərb insan hüquqları və demokratiyanı, İran şiəlik təbliğatını, Türkiyədə isə müəyyən qruplar etnik kimliyimizi öz maraqları üçün istismar edir, keçmiş imperiya mərkəzləri kimi bizə göstərişlər verirlər. Lakin xalqımız bir paytaxtdan – Bakıdan idarə olunur.

Dünyəvi dövlət quruluşunu qoruduğu və XXI əsrdə millətimizin bütövlük savaşının qalibi olduğuna görə İlham Əliyev təkcə Ulu öndər Heydər Əliyevin deyil, həm də Mustafa Kamal Atatürkün siyasi varisidir.

Qələbədən sonra suverenliyi necə qorumalıyıq? Cavab birdir – Azərbaycanın dünyəvi dövlət quruluşunu qorumaq hüququ heç bir xalqın, dinin və ya məzhəbin əleyhinə yönəlməyib. Bağçamızda böyüyən uşağın, məktəbimizdə təhsil alan şagirdin, universitetimizdə yetişən alimin, məscidimizdə, kilsəmizdə və sinaqoqumuzda ibadət edən insanların inancları fərqli ola bilər.

Lakin hamımızın bir ortaq Vətəni və bir qalib dövləti var – Azərbaycan!”

Günel Elxan