Mətbuatda süni intellekt: dəstək, yoxsa əsas oyunçu?
25 Fevral 23:45

Süni intellektin həyatımıza daxil olması artıq sadəcə texnologiya sahəsini deyil, informasiya və media mühitini də əhatə edir. Xüsusilə jurnalistika və telejurnalistika sahəsində bu texnologiyanın tətbiqi sürətlə genişlənir və xəbərin hazırlanmasından tutmuş efirə çıxmasına qədər bir çox mərhələdə istifadə olunur. Ekspertlər bildirirlər ki, süni intellekt müxbirlərin və redaktorların işini asanlaşdıra, məlumatların toplanması və montaj proseslərini sürətləndirə, studiya dekorasiyaları və vizual təqdimatı optimallaşdıra bilər. Lakin bütün bu imkanlara baxmayaraq, insan faktoru, peşəkar qələm və canlı ünsiyyətin əhəmiyyəti hələ də əvəzolunmaz olaraq qalır. Süni intellekt yalnız jurnalist üçün tamamlayıcı vasitə rolunu oynayır; araşdırma yazıları, publisistika və hadisə yerindən hazırlanan canlı reportajlarda insanın duyğu və məsuliyyəti olmadan keyfiyyətli və inandırıcı nəticə əldə etmək mümkün deyil. Bu baxımdan, media sahəsində süni intellektin tətbiqi həm üstünlükləri, həm də müəyyən riskləri özündə ehtiva edir və texnologiyanın məhdudiyyətləri ilə tanış olmaq jurnalistlərin və redaktorların gələcək fəaliyyətində əsas şərtlərdən biridir.
“Süni intellekt jurnalisti əvəz etmir”
Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib ki,
Süni intellekt artıq həyatımızın bütün sahələrinə ciddi şəkildə təsir göstərir və bu proses mətbuat sahəsindən də yan keçmir.
Onun sözlərinə görə, yeni texnologiyaların ortaya çıxması hər zaman olduğu kimi həm üstünlüklər, həm də müəyyən risklər yaradır: “Süni intellekt bir sıra peşə sahələrinin tədricən sıradan çıxmasına səbəb olur. Artıq bəzi ölkələrdə mətbuat və sənədləşmə sahəsində tərcüməçilərə ehtiyac xeyli azalıb. Vaxtilə kompüterlərin meydana çıxması ilə nəhəng yığım sexlərinin bağlanması necə qaçılmaz olmuşdusa, bu gün jurnalistikada da oxşar proseslər baş verir. Hazırda bəzi jurnalistlərin yazılarında süni intellektin təsiri açıq-aşkar hiss olunur. Bir müddət əvvəl Türkiyədə keçirilən tədbirlərdən birində maraqlı fakt səsləndirildi. Bildirildi ki, bəzi jurnalistlər süni intellektin hazırladığı mətni dəyişmədən o qədər yayımlayır ki, hətta sonunda növbəti sual üçün nəzərdə tutulmuş texniki cümlə də olduğu kimi sayta yerləşdirilir. Bu, süni intellektə həddindən artıq aludəliyin təhlükəli həddə çatdığını göstərir”.
Bununla yanaşı, Mətbuat Şurasının sədri hesab edir ki, süni intellekt nə qədər inkişaf etsə də, peşəkar jurnalisti, xüsusilə araşdırma və publisistika sahəsində çalışan istedadlı qələm adamlarını əvəz edə bilməz: “Bu günlərdə sosial şəbəkələrdə Azərbaycan dilində çox təsirli bir mətn oxudum və öz-özümə dedim ki, min süni intellekt birləşsə belə, bu cür kövrək və duyğulu cümlələr yarada bilməz”.
Onun fikrincə, istedadlı insanın yazısında duyğu, həyat təcrübəsi və daxili məsuliyyət var: “Məhz buna görə də əminəm ki, əsl peşəkar və istedadlı jurnalistlərə cəmiyyətin hər zaman ehtiyacı olacaq.”
Süni intellekt jurnalistikada yardımçı rolunda
Baku.TV-nin baş redaktoru Elmar Əbilov diqqətə çatdırıb ki,
süni intellekt telejurnalistikada hazırda əsasən dörd sahədə geniş istifadə olunur.
Onun sözlərinə görə birinci mərhələdə müxbirlər reportaj və xəbərləri hazırlayarkən mövzuya uyğun faktların və statistik məlumatların toplanmasında süni intellektdən yararlanırlar. İkinci mərhələdə montaj prosesi gəlir – televiziya məhsulunun əsasını görüntü təşkil etdiyindən, mövzuya uyğun arxiv görüntü olmadıqda montajçılar süni intellektin yaratdığı videolardan istifadə edirlər”.
Baş redaktorun sözlərinə görə, üçüncü mərhələdə studiyalarda dekorasiyaların hazırlanmasında süni intellekt mühüm rol oynayır: “Əvvəllər bu proses eskizlər vasitəsilə həyata keçirilirdisə, indi verilişin məzmununa uyğun tapşırıq verildikdə süni intellekt dekorasiyanın ilkin görünüşünü, hətta işıqlandırmanı da təqdim edir ki, bu da işi xeyli asanlaşdırır.Dördüncü sahə isə efirdə məlumatların yayımıdır. Xüsusilə informasiya verilişləri və xəbər kanallarında süni intellektdən bu mərhələdə də geniş istifadə olunur”.
Eyni zamanda, baş redaktor bildirib ki, süni intellekt heç vaxt jurnalisti tam əvəz edə bilməz, yalnız tamamlayan alət rolunu oynayır: “Hadisə yerindən canlı yayımların təşkili insan amilini tələb edir. Eyni zamanda müsahibələrin hazırlanmasında jurnalistin iştirakı vacibdir. Burada söhbət canlı ünsiyyət və insani duyğuların ötürülməsindən gedir ki, süni intellekt bunu heç vaxt əvəz edə bilməz".
Günel Elxan