“Qarşıdurmanın ikinci mərhələyə keçməsi ehtimalı realdır” Gündəm

“Qarşıdurmanın ikinci mərhələyə keçməsi ehtimalı realdır”

“ABŞ və İran arasında münasibətlərin gərginləşməsi fonunda 14 günlük atəşkəsin gələcək taleyi və mümkün hərbi eskalasiyanın ikinci mərhələyə keçidi məsələsi hazırda beynəlxalq təhlükəsizlik gündəliyinin əsas mövzularından biridir. Xüsusilə də, ABŞ tərəfindən tətbiq olunan dəniz blokadası regionda qüvvələr balansını dəyişə biləcək strateji addım kimi qiymətləndirilir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib.

A.Qurbanovanın bildirdiyinə görə, tarixi təcrübə isə göstərir ki, belə qısamüddətli atəşkəslər çox zaman münaqişə tərəflərinin qüvvələrini yenidən toplaması, diplomatik mövqelərini gücləndirməsi və növbəti mərhələyə hazırlaşması üçün istifadə olunur: “ABŞ və İran arasında əldə olunmuş 14 günlük atəşkəs də istisna deyil. Bu müddət ərzində tərəflərin həm hərbi-logistik hazırlıqlarını gücləndirməsi, həm də beynəlxalq ictimaiyyətin reaksiyasını ölçməsi ehtimalı yüksəkdir. ABŞ-nin dəniz blokadasına başlaması isə faktiki olaraq münaqişənin iqtisadi və hərbi komponentlərinin paralel şəkildə genişləndirildiyini göstərir. Bu addım İranın enerji ixracına, xüsusilə neft daşımalarına ciddi təsir göstərməklə yanaşı onun regional təsir imkanlarını da məhdudlaşdırmağa hesablanıb. Məhz bu baxımdan yanaşdıqda, ABŞ-nin mövcud siyasəti bir neçə əsas istiqamətdə nəzərdən keçirilməlidir. İlk növbədə ABŞ İranın regional təsir dairəsini zəiflətməyi hədəfləyir. Həmçinin nüvə proqramı üzərində nəzarətin sərtləşdirilməsi, Orta Şərqdəki müttəfiqlərinin təhlükəsizliyinin təmin edilməsi və qlobal enerji bazarlarında sabitliyin qorunması kimi məqsədlər də istisna edilməməlidir”.

O qeyd edib ki, dəniz blokadası isə bu məqsədlərə çatmaq üçün “təzyiq aləti” kimi çıxış edir: “Ona görə də, bu, birbaşa genişmiqyaslı hərbi əməliyyatlardan əvvəl tətbiq olunan klassik geosiyasi strategiyalardan biri kimi xarakterizə oluna bilər. İran isə öz növbəsində asimmetrik cavab vermək imkanlarına malikdir. Ona görə də, hadisələri ehtimallar və ssenarilər üzərindən dəyərləndirmək daha doğru olar. Heç şübhəsiz ki, enerji bazarlarında qeyri-sabitlik yaratmaq və regional müttəfiqlər vasitəsilə dolayı təzyiqin artırılması cəhdləri aydın şəkikdə müşahidə edilir. Həmçinin Hörmüz boğazında gərginliyin yüksəldilməsi və informasiya müstəvisində qarşılıqlı addımlar da istisna edilmir. Bu isə onu göstərir ki, münaqişənin ikinci mərhələsi klassik müharibə formasında deyil, hibrid xarakter daşıya bilər”.

Politoloq həmçinin bildirib ki, hadisələrin inkişaf xronikasına nəzər yetirdikdə mövcud reallıqlar fonunda müharibənin ikinci mərhələsinin başlanması ehtimalı tam istisna olunmur: “Əksinə, bir neçə amil bu ehtimalı daha da artırır. Çünki tərəflər arasında fundamental etimadsızlıq mühiti var. Eləcə də, atəşkəs müxanizminin institusional əsasları çox zəifdir. Lakin eyni zamanda genişmiqyaslı müharibənin qarşısını alan faktorlar da mövcuddur. Bunlara qlobal iqtisadi risklər, enerji bazarlarının həssaslığı və böyük güclərin birbaşa toqquşmadan yayınmaq istəyini daxil edə bilərik. Nəticə etibarilə, 14 günlük atəşkəsin bitməsindən sonra ABŞ-İran qarşıdurmasının ikinci mərhələyə keçməsi ehtimalı real olaraq qalır. Lakin bu mərhələnin forması ənənəvi müharibədən daha çox çoxölçülü və hibrid xarakter daşıya bilər. Mövcud vəziyyət isə göstərir ki, tərəflər birbaşa genişmiqyaslı toqquşmadan çəkinməyə çalışsalar da, geosiyasi rəqabətin dərinləşməsi regionda uzunmüddətli qeyri-sabitlik risklərini artırır”.

Röya İsrafilova