
“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı Azərbaycan dövlətinin həyata keçirdiyi ən mühüm strateji layihələrdən biridir”.
Bunu Xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
Deputat bildirib ki, bu proqram yalnız keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını deyil, həm də tarixi ədalətin bərpasını, dövlət suverenliyinin möhkəmləndirilməsini və milli birliyin daha da güclənməsini təmin edir. uzun illər ərzində işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpaqlarından didərgin düşmüşdü:
“2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfər və 2023-cü ildə ölkəmizin bütün ərazilərində suverenliyimizin tam bərpa olunması xalqımızın ən böyük arzularından birini reallığa çevirdi. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq və bərpa işləri həmin qələbənin konkret nəticələrini nümayiş etdirir”.
P.Vəliyeva qeyd edib ki, Böyük Qayıdış proqramı dövlətimizin iqtisadi gücünün və gələcəyə hesablanmış inkişaf strategiyasının ən mühüm göstəricilərindən biridir:
“İşğaldan azad edilmiş ərazilərdə müasir şəhərlər və kəndlər salınır, yeni yollar, tunellər, hava limanları, təhsil və səhiyyə müəssisələri, sosial infrastruktur obyektləri inşa olunur. Bu ərazilərdə ‘ağıllı şəhər’ və ‘ağıllı kənd’ konsepsiyaları tətbiq edilir, yaşıl enerji layihələri həyata keçirilir. Bütün bunlar Qarabağ və Şərqi Zəngəzurun regionun ən müasir inkişaf məkanlarından birinə çevrilməsinə xidmət edir”.
Deputat vurğulayıb ki, Böyük Qayıdış proqramı dövlətçiliyin möhkəmlənməsində xüsusi rol oynayır:
“Bu proses ilk növbədə Azərbaycanın öz ərazilərində tam nəzarət və idarəetməsini təmin edir. Eyni zamanda əhalinin doğma torpaqlara qayıdışı iqtisadi fəallığın artmasına, yeni iş yerlərinin yaradılmasına və regionların tarazlı inkişafına şərait yaradır. Bununla yanaşı, strateji əhəmiyyətli bölgələrdə dayanıqlı məskunlaşma təhlükəsizlik və müdafiə imkanlarımızın daha da güclənməsinə xidmət edir. Proqramın ən mühüm nəticələrindən biri milli həmrəyliyin daha da möhkəmlənməsidir.
Qarabağın azad olunması hər bir azərbaycanlı üçün milli qürur məsələsi idi. Bu gün həmin torpaqların yenidən qurulması və insanların doğma yurdlarına qayıdışı xalqımızın birliyini, dövlətimizə olan inamını daha da artırır. Qarabağın bərpası artıq ümummilli məqsədə çevrilib və bu proses ölkəmizdə həmrəyliyin güclənməsinə mühüm töhfə verir. Böyük Qayıdış proqramı milli-mənəvi dəyərlərimizin qorunması baxımından da mühüm əhəmiyyət daşıyır.
İşğal dövründə dağıdılmış şəhər və kəndlərimiz, tarixi və dini abidələrimiz bərpa olunur, mədəni irsimiz yenidən dirçəldilir. Bu, təkcə fiziki deyil, həm də mənəvi bərpa prosesidir. Azərbaycanın tarixi yaddaşı və milli kimliyi öz doğma məkanlarında yenidən canlanır. Artıq on minlərlə vətəndaş öz doğma torpaqlarına qayıdıb və bu proses mərhələli şəkildə davam edir.
Qarşıdakı illərdə yüz minlərlə soydaşımızın Qarabağ və Şərqi Zəngəzurda məskunlaşması nəzərdə tutulur. Bu, Azərbaycan dövlətinin gücünün, xalqımızın iradəsinin və tarixi Zəfərin davamlı nəticələrinin ən parlaq təzahürüdür. Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi ölkəmizin dövlət müstəqilliyini daha da möhkəmləndirəcək, milli birliyi gücləndirəcək və Azərbaycanın uzunmüddətli inkişafına xidmət edən ən mühüm tarixi layihələrdən biri kimi yadda qalacaq”.
Günel Elxan