"Rusiya mütəmadi şəkildə Qarabağ kartını diriltməyə çalışsa da.. " Gündəm

"Rusiya mütəmadi şəkildə Qarabağ kartını diriltməyə çalışsa da.. "

Ermənistan və Avropa İttifaqı (Aİ) arasında münasibətləri yalnız Rusiya kontekstindən – Ermənistanı Rusiya orbitindən uzaqlaşdırmaq cəhdi kimi qiymətləndirmək doğru deyil.

Xalqcebhesi.az xəbər verir ki, bunu politoloq Vüqar Dadaşov deyib.

"İrəvanda keçirilən Ermənistan–Aİ sammitinə Aİ Komissiyasının prezidenti Ursula von der Leyenin və Fransa prezidenti Emmanuel Makronun qatılması ilə paralel olaraq, Aİ-nin vitse-prezidenti, Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasın Azərbaycana səfəri müəyyən tarazlıq görüntüsü yaratmağa hesablanıb.

Ermənistana Aİ və Fransanın hərbi-siyasi dəstəyi çox vaxt Rusiyaya qarşı addım kimi təqdim olunsa da, Ermənistanın istənilən səviyyədə silahlandırılması belə, onun Rusiya ilə real rəqabət imkanlarını dəyişmir.
Fransanın Ermənistanla strateji tərəfdaşlıq haqqında bəyannamə imzalaması, müqavilələrin genişlənməsi – hərbi forma təchizatı, helikopterlərlə təminat – Ermənistanın Rusiya təsirindən hərbi güc nümayişi ilə çıxmasında rol oynaya bilməz - politoloq vurğulayıb.

O, qeyd edib ki, analizlər göstərir ki, bu siyasətin əsas hədəfi Rusiya yox, regionun sülh nizamının pozulması xəttidir. Əsas hədəfin də Azərbaycan olması aydın görünür. Aİ-nin Azərbaycana qarşı qəbul etdiyi ittihamedici qətnamələr, Qarabağdan çıxmış ermənilərlə bağlı mövqeyi və sərhəddə yerləşdirilmiş müşahidə missiyasının davam edən fəaliyyəti də təsdiqləyir:

"Rusiya mütəmadi şəkildə Qarabağ kartını diriltməyə çalışsa da, Ermənistan rəhbərliyi artıq bu məsələnin bağlandığını bəyan edib.
Baş nazir Paşinyan administrasiyasının da Avropa ilə sıx əməkdaşlığı əslində elə Rusiya orbitindən xilas niyyətinə söykənsə də, Aİ isə bunu ikibaşlı məqsədi üçün manipulyasiya edir".

Cavid