“Ermənistanın Aİ-yə yaxınlaşması təhlükəsizlik seçimidir” Gündəm

“Ermənistanın Aİ-yə yaxınlaşması təhlükəsizlik seçimidir”

“Ermənistanın son dövrlərdə Avropa İttifaqı ilə münasibətləri genişləndirməsi və Qərbə inteqrasiya istiqamətində addımlar atması ölkənin təhlükəsizlik və xarici siyasət prioritetləri ilə bağlıdır”.

Bu fikirləri Xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat bildirib ki, baş verənləri Ermənistanın eyni vaxtda fərqli geosiyasi mərkəzlər arasında manevr etməsi kimi qiymətləndirmək düzgün olmaz:
“Burada söhbət hansısa ‘iki stulda oturmaq’ siyasətindən getmir. Hər bir dövlət kimi Ermənistan da öz təhlükəsizliyini təmin etməyə çalışır. Əvvəllər bu təhlükəsizlik təminatını daha çox Rusiyada görürdüsə, indi Avropa İttifaqına yaxınlaşma xəttini seçib. Bu da onların dövlət maraqları və təhlükəsizlik hesablamaları ilə bağlı məsələdir.
Ermənistanın xarici siyasətdəki bu kursu sülh danışıqlarına mənfi deyil, əksinə, müəyyən mənada müsbət təsir göstərə bilər.
Hazırkı açıqlamalar göstərir ki, Ermənistan hakimiyyəti sülh danışıqlarının davam etdirilməsində maraqlıdır və bu istiqamətdə addımlar atmaq niyyətini nümayiş etdirir. Ona görə də indiki mərhələdə proseslərə emosional deyil, siyasi reallıqlar prizmasından yanaşmaq lazımdır”.

Deputat qeyd edib ki, Ermənistan daxilində gedən siyasi proseslərin yekunlaşmasını gözləmək daha məqsədəuyğundur:
“Seçkilərdən sonra veriləcək açıqlamalar və atılacaq addımlar daha ciddi əhəmiyyət daşıyacaq. Əgər bu günə qədər sülh prosesindən geri çəkilməyə yönəlmiş əks mövqelər səsləndirilməyibsə, fərqli nəticələr çıxarmağa əsas yoxdur. Ermənistan rəhbərliyinin seçkilərdən sonrakı davranışı və bəyanatları proseslərin hansı istiqamətdə inkişaf edəcəyini daha aydın göstərəcək”.

Günel Elxan