10:43
707
İsrail və ABŞ amerikalı lider Donald Trampın Qəzza zolağındakı münaqişənin tənzimlənməsi üçün təklif etdiyi planı həyata keçirmək niyyətində yekdildir və tərəflər arasında əsas məsələlər üzrə heç bir fikir ayrılığı yoxdur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi Amerika nümayəndə heyətinin İsrailin Baş naziri Binyamin Netanyahu ilə apardığı danışıqların yekunlarını şərh edərkən bildirib.
"Trampın HƏMAS-ın silahsızlaşdırılmasını və təşkilatın Qəzzada heç bir gələcəyinin olmayacağına dair zəmanətləri nəzərdə tutan planı üzrə heç bir fikir ayrılığı yoxdur. Bütün mahiyyət bundan ibarətdir", - deyə Hakabi "X" sosial şəbəkəsində yazıb.
O, həmçinin Netanyahunun Trampın kürəkəni Cared Kuşnerlə görüşündən sonra mediada mənbələrə istinadən ABŞ və İsrail arasında fikir ayrılıqlarının olması barədə bir sıra materialların dərc edildiyini qeyd edib. Səfir həmin materiallarda yer alan iddiaların həqiqətə uyğun olmadığını vurğulayıb.
"Mən orada (danışıqlarda) bir neçə saat keçirdiyim üçün bəyan edə bilərəm ki, bu nəşrlərin bəziləri sadəcə feykdir. Reportyor materiallarının böyük hissəsi havadan uydurulub", - deyə Hakabi əlavə edib.
Məryəm Quliyeva