17:22
392
“Donald Trampın Hörmüz boğazını ABŞ ərazisi elan etmək barədə açıqlamasını hüquqi baxımdan real ərazi iddiasından daha çox, İrana qarşı siyasi və hərbi təzyiq mesajı kimi qiymətləndirmək lazımdır. Tramp həqiqətən də avqustun 14-də belə bir bəyanat verib, lakin Hörmüzün coğrafi və hüquqi statusu Vaşinqtonun birtərəfli qərarı ilə dəyişdirilə bilməz”.
Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Alim Nəsirov söyləyib.
O bildirib ki, Boğaz İran və Oman arasında yerləşir, onun suları bu sahilyanı dövlətlərin suveren hüquqları ilə bağlıdır və beynəlxalq gəmiçilik üçün strateji keçid hesab olunur: “ABŞ-nin bölgədə hərbi üstünlük əldə etməsi və ya boğazda faktiki nəzarəti gücləndirməsi həmin ərazinin ABŞ suverenliyinə keçməsi demək deyil. Buna görə də Trampın sözlərinin beynəlxalq hüquq çərçivəsində həyata keçirilməsi son dərəcə qeyri-real görünür”.
A.Nəsirovun sözlərinə görə, bəyanatın geosiyasi mənası kifayət qədər ciddidir: “ABŞ son dövrdə Hörmüz ətrafında hərbi mövcudluğunu və İran üzərində təzyiqini artırıb, Tramp isə daha əvvəl Vaşinqtonun boğaz üzərində “tam nəzarətə” malik olduğunu da iddia etmişdi. Bu baxımdan “ABŞ ərazisi” ifadəsi İranın Hörmüz üzərində dominantlıq iddiasına qarşı maksimumist siyasi mesaj və gələcək danışıqlarda mövqeləri sərtləşdirən vasitə kimi görünür”.
Siyasi şərhçi əlavə edib ki, üstəlik, belə bir addımın praktik müstəviyə keçirilməsinə cəhd İranla qarşıdurmanı daha da dərinləşdirə, Oman və digər Körfəz ölkələrinin etirazına səbəb ola və enerji daşımalarının təhlükəsizliyini ciddi şəkildə poza bilər: “Ona görə də əsas məsələ Hörmüzün həqiqətən ABŞ ərazisinə çevrilməsi deyil, Vaşinqtonun boğazın təhlükəsizliyi və gəmiçilik rejimi üzərində nə dərəcədə faktiki nəzarət qurmağa çalışacağıdır”.
Röya İsrafilova