“Azərbaycanın iqtisadi və humanitar addımları regionda etimadı gücləndirir” Gündəm

“Azərbaycanın iqtisadi və humanitar addımları regionda etimadı gücləndirir”

“Dünyada davam edən geosiyasi gərginliklər fonunda nəqliyyat və bağlantı layihələri, eləcə də enerji və neft məhsulları ilə təminat məsələləri artıq təkcə iqtisadi məsələ kimi deyil, ölkələrin milli təhlükəsizliyinin təmin olunmasının mühüm elementlərindən biri kimi qiymətləndirilir. Rusiya-Ukrayna və İran-ABŞ arasındakı davam edən qarşıdurmalar qlobal enerji bazarlarına da ciddi təsir göstərir. Bu baxımdan Ermənistanın Rusiya ilə münasibətlərində davam edən gərginlik fonunda Azərbaycanın Ermənistana neft məhsulları ixrac etməsi xüsusi əhəmiyyət daşıyır. Təkcə bu ilin ilk altı ayında Azərbaycanın Ermənistana 17,3 milyon dollar həcmində neft məhsulları ixrac etdiyi bildirilir. Azərbaycanın təqdim etdiyi bu məhsullar Ermənistan bazarında əlavə rəqabət mühiti formalaşdırmaqla yanaşı, ölkədə enerji təminatının sabitliyinə də müəyyən töhfə verir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov söyləyib.

Deputat əlavə edib ki, digər tərəfdən, Azərbaycan öz ərazisindən Ermənistana və Ermənistandan tranzit yüklərin daşınması ilə bağlı mövcud məhdudiyyətlərin aradan qaldırılması istiqamətində də addımlar atıb: “Hazırda Rusiya ilə Ermənistan arasında müxtəlif çeşidli malların dəmir yolu vasitəsilə daşınmasını da müşahidə edirik. Bütün bunlar onu göstərir ki, sülh sazişi hələ imzalanmasa belə, regionda iqtisadi əlaqələrin tədricən normallaşması prosesi artıq müəyyən praktiki nəticələr verməyə başlayıb. Təbii ki, ticarət və iqtisadi əlaqələrin inkişafı yalnız iqtisadi baxımdan deyil, həm də sülhün davamlı və möhkəm olması baxımından əhəmiyyətlidir. Ölkələr arasında qarşılıqlı iqtisadi maraqların artması gələcəkdə münasibətlərin normallaşmasına, qarşılıqlı etimadın formalaşmasına və regionda uzunmüddətli sabitliyin təmin olunmasına töhfə verə bilər. Bu baxımdan Azərbaycanla Ermənistan arasında iqtisadi əlaqələrin genişləndirilməsini vacib hesab edirəm”.

A.Badamovun sözlərinə görə, lakin hazırda bu əlaqələrin əsas hissəsi üçüncü ölkə - Gürcüstan üzərindən həyata keçirilir: “Hesab edirəm ki, sülhün daha da möhkəmləndirilməsi üçün gələcəkdə birbaşa Azərbaycan-Ermənistan iqtisadi və ticarət əlaqələrinin qurulması vacibdir. Bunun üçün isə ilk növbədə Ermənistan sülh prosesinin qarşısında duran siyasi və hüquqi məsələləri həll etməli, o cümlədən konstitusiyasında zəruri dəyişiklikləri həyata keçirərək yekun sülh sazişinin imzalanmasını sürətləndirməlidir. Biz qonşu ölkələrik və hesab edirəm ki, artıq düşmənçilik səhifəsini bağlayaraq yeni münasibətlər mərhələsinə keçməliyik. Sülh yalnız sənədin imzalanması ilə məhdudlaşmamalıdır. Sülhün davamlı olması üçün siyasi dialoqla yanaşı, ticarət, nəqliyyat, enerji və digər iqtisadi sahələrdə qarşılıqlı əlaqələr də genişləndirilməlidir. Bu baxımdan Azərbaycan tərəfindən atılan iqtisadi və humanitar xarakterli addımlar regionda etimad mühitinin formalaşmasına xidmət edir. İndi əsas məsələ əldə olunan imkanları genişləndirmək, qarşılıqlı iqtisadi maraqları artırmaq və sülh gündəliyini konkret layihələrlə daha da möhkəmləndirməkdir”.

Röya İsrafilova