10:07
413
“Azərbaycan və Ermənistan arasında ticarət əlaqələrinin bərpası, məncə, siyasi münasibətlərin normallaşmasına xidmət edən mühüm iqtisadi amildir. Sülh sazişi hələ imzalanmasa da, qarşılıqlı ticarətin başlaması tərəflər arasında etimadın formalaşmasına və uzun illər davam edən iqtisadi təcridin aradan qaldırılmasına şərait yaradır. 17 milyon dollardan artıq ixracın özü böyük həcm deyil, amma prosesin siyasi və iqtisadi baxımdan simvolik əhəmiyyəti daha böyükdür”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib.
O əlavə edib ki, burada Azərbaycan üçün də müəyyən iqtisadi imkanlar yaranır:”Ermənistan bazarına çıxış Azərbaycan məhsullarının yeni satış istiqamətləri əldə etməsinə, gələcəkdə isə tranzit, logistika və xidmət sahələrində əməkdaşlığın genişlənməsinə imkan verə bilər. Xüsusilə regionda kommunikasiyaların açılması baş verərsə, ticarət əlaqələri indiki göstəricilərlə müqayisədə əhəmiyyətli dərəcədə arta bilər”.
A.Nəsirlinin sözlərinə görə, Ermənistan baxımından isə Azərbaycan və Türkiyə ilə iqtisadi əlaqələrin normallaşması daha strateji əhəmiyyət daşıyır: “Rusiya ilə münasibətlərin əvvəlki intensivliyini itirməsi Ermənistanı alternativ bazarlara və nəqliyyat marşrutlarına ehtiyac qarşısında qoyur. Azərbaycan və Türkiyə ilə əlaqələrin genişlənməsi Ermənistanın həm ixrac və idxal imkanlarını artırar, həm də onun regional iqtisadi sistemə daha sıx inteqrasiyasına şərait yaradar. Əsas məsələ odur ki, iqtisadi əlaqələr siyasi prosesdən ayrı deyil, əksinə, onu dəstəkləyən mexanizm kimi çıxış edə bilər. Ticarət artdıqca tərəflərin qarşılıqlı iqtisadi maraqları güclənir və yeni qarşıdurmanın yaranmasının iqtisadi qiyməti yüksəlir. Buna görə də bugünkü məhdud ticarət gələcəkdə daha geniş iqtisadi əməkdaşlığın başlanğıcı kimi qiymətləndirilə bilər”.
Röya İsrafilova