Türkiyə Qara dənizdə gərginliyin artmasının qarşısını almaq istəyir Gündəm

Türkiyə Qara dənizdə gərginliyin artmasının qarşısını almaq istəyir

Türkiyə Qara dənizdə gərginliyin artmasının qarşısını almaq üçün hərbi gəmilərin Bosfor və Dardanel boğazlarından keçməsinə qoyulan qadağanı müdafiə etməyə davam edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi Türkiyə Nazirlər Kabinetindəki mənbəyə istinadən məlumat yayıb.

Agentliyin mənbəyi vurğulayıb ki, bu mövqe boğazların mövcud hüquqi rejimini qoruyub saxlamaq və regional sabitliyi təmin etmək zərurətinə əsaslanır.

"Montrö Konvensiyası hərbi gəmilərin keçidini tənzimləyən əsas beynəlxalq mexanizm olaraq qalır və Türkiyə onun nəzərdə tutduğu öhdəlikləri yerinə yetirməyə davam edəcək", - deyə o bildirib.

Oktyabrın əvvəlində "Milliyet" qəzeti yayımladığı məlumatda Türkiyənin Rusiya və Ukrayna gəmiləri üçün dinc dəhlizlərin açılması ilə bağlı hər iki tərəfə iki təklif təqdim etdiyini yazmışdı.

Nəşrin məlumatına görə, Ankara Rusiya gəmiləri üçün Gürcüstan və Türkiyə sahilləri boyunca, Ukrayna gəmiləri üçün isə Rumıniya və Bolqarıstan sahilləri boyunca Bosfor boğazına doğru təhlükəsizlik dəhlizinin açılmasını təklif edib.

Məryəm Quliyeva