10:30
714
“Fransada baş verən iğtişaşlar Makron hakimiyyətinin üzləşdiyi siyasi və sosial böhranın ciddi göstəricisidir. Yaşayış xərclərinin artması, ictimai xidmətlərin vəziyyəti və təhsil sahəsindəki narazılıqlar cəmiyyətdə toplanan problemləri üzə çıxarır. Minlərlə insanın saxlanılması və ictimai obyektlərə ziyan vurulması isə böhranın miqyasını göstərir”.
Bunu xalqcebhesi.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
Ş.Həsənovanın sözlərinə görə, Makron hakimiyyətinin vəzifəsi yalnız iğtişaşları yatırmaq deyil, cəmiyyəti qarşıdurma həddinə gətirən səbəbləri aradan qaldırmaqdır: “Yüz minlərlə insanın etirazını yalnız radikal qrupların fəaliyyəti ilə izah etmək problemin mahiyyətini kölgədə qoyar. Burada əsas sual budur odur ki, hakimiyyət sosial narazılığın bu həddə çatmasının qarşısını niyə vaxtında ala bilməyib Siyasi bəyanatlar real addımlarla müşayiət olunmadıqda təsirini itirir. Makron hökuməti sosial problemlərin həlli, ictimai xidmətlərin yaxşılaşdırılması və cəmiyyətlə effektiv dialoqun qurulması istiqamətində konkret nəticələr ortaya qoymalıdır. Əks halda, küçələrdə asayiş bərpa olunsa belə, narazılığın əsas səbəbləri aradan qalxmayacaq”.
Politoloq söyləyib ki, dərinləşən siyasi və sosial parçalanma hakimiyyətin qərarvermə imkanlarını məhdudlaşdırmaqla yanaşı, Fransanın beynəlxalq mövqelərinə də təsir göstərə bilər: “Çünki daxili sabitliyin zəifləməsi ölkənin xarici siyasətdəki prioritetlərini həyata keçirməsini çətinləşdirə bilər. Fransadakı böhranı yalnız təhlükəsizlik problemi kimi qiymətləndirmək düzgün deyil. Bu, həm də idarəetmənin, sosial siyasətin və siyasi məsuliyyətin sınağıdır. Makron hakimiyyəti üçün əsas məsələ təkcə küçələrdə sabitliyi bərpa etmək deyil, cəmiyyətin etimadını yenidən qazanmaqdır. Çünki davamlı sabitlik zor gücü ilə deyil, problemlərin vaxtında həlli və effektiv siyasi fəaliyyətlə təmin olunur”.
Röya İsrafilova