Enerji cəbhəsində yeni mərhələ: Avropanın yardımı müharibənin gedişini dəyişəcək? Gündəm

Enerji cəbhəsində yeni mərhələ: Avropanın yardımı müharibənin gedişini dəyişəcək?

Avropa Birliyi (AB) Rusiya-Ukrayna müharibəsi başlayandan bu yana Ukraynaya dəstəkləyini davam etdirir. Bu müddət ərzində AB Ukraynaya müxtəlif istiqamətlərdə yardımlar göstərib. Qeyd edilir ki, AB bu dəfə də Ukraynada çətin enerji vəziyyətini nəzərə alaraq ölkəyə xüsusi yardım mexanizmi tətbiq edəcək. Yeni mexanizmin Ukraynanın hazırda ən çox ehtiyac duyduğu resurslarla operativ şəkildə təmin olunmasına imkan verəcəyi bildirilir.
Bəs AB-nin Ukraynaya enerji yardımı müharibənin gedişinə necə təsir edəcək?
Politoloq Tofiq Abbasov bildirib ki, Qərb ölkələri, ümumiyyətlə, özlərini bütövlüklə səfərbər ediblər ki, Ukraynanı təchiz etsinlər, ona enerji daşıyıcıları və s. versinlər ki, təki Ukrayna müharibədə dayanmasın: “Yəni söhbət sülh danışıqlarından gedir. Əgər həqiqətən də onlar belə bir plan üzərində işləyirlərsə, bu, yalnız və yalnız bir şeyə xidmət edəcək ki, Ukrayna danışıqlara oturmasın, Rusiyanın bütün təkliflərini rədd etsin. Halbuki, Rusiyanın bir o qədər də danışıqlara meyli yoxdur. Çünki faktiki olaraq müharibədə geriləyən tərəf Ukraynadır. Yəni faktiki Ukraynanın əks-hücuma keçmək üçün hipotetik imkanları var, amma onu reallaşdırmaq bir qədər çətindir. Çünki silah-sursat baxımından Ukrayna daha zəifdir və o, artıq xarici tərəfdaşlardan, onların köməyindən asılıdır”.

“Hər iki tərəf qarşıdurmadan yorulub”

“Rusiyanın strateji resurs bazaları güclüdür. Düzdür, onlarda da geriləmələr var, amma bu, müharibədir. Yəni əgər burada mövqe qarşıdurmaları gedirsə, bir gün üstünlük birində, digər gün başqasında ola bilər. Ancaq bu, strateji baxımdan vəziyyəti dəyişmir. Enerji daşıyıcıları müharibədə vacib rol oynayır. Çünki birincisi yanacaq lazımdır, digər tərəfdən arxa cəbhədə də insanlara istilik, rahatlıq lazımdır. Əgər bu plan yerinə yetiriləcəksə, inanmıram ki, vəziyyəti əsaslı bir tərzdə dəyişsin. Mən elə düşünürəm ki, faktiki olaraq hər iki tərəf qarşıdurmadan yorulub, bu savaş çox uzun çəkdi və əsl vaxtdır ki, tərəflər həqiqətən də ara versinlər və masa arxasında otursunlar. Əgər buna Qərb imkan versə” - deyə T.Abbasov əlavə edib.

“Bu qərar müharibənin gedişinə təsir edə bilər”

Siyasi ekspert Elnur Ənvəroğlunun fikirlərinə görə, bu qərar Ukrayna müharibəsinin gedişinə təsir edə bilər, lakin məncə, onun əsas əhəmiyyəti cəbhədə dərhal hərbi üstünlük yaratmaqdan daha çox, Rusiyanın Ukraynanı enerji infrastrukturuna zərbələr vasitəsilə zəiflətmək strategiyasının effektivliyini azaltmaqdır: “Fikrimcə, burada Avropa İttifaqının addımı əsasən Ukraynanın enerji dayanıqlılığının təmin edilməsi, hərbi əməliyyatların davam etdirilməsi və Avropanın müharibədəki strateji rolunu gücləndirməyə yönəlib”.

Ukraynaya yardım modelinin dəyişməsi

Onun sözlərinə görə, məsələnin digər mühüm tərəfi Avropa İttifaqının Ukraynaya yardım modelinin dəyişməsidir: “Avropa artıq yalnız maliyyə dəstəyi göstərməklə kifayətlənmir. Enerji infrastrukturu, müdafiə sənayesi, logistika və iqtisadi dayanıqlılıq Ukraynanın müharibəni davam etdirmək qabiliyyətinin bir-biri ilə əlaqəli elementlərinə çevrilib. Misal üçün deyim ki, Avropa Komissiyasının məlumatına görə, 2026–2027-ci illərin qış mövsümü üçün Ukraynanın enerji sisteminə 920 milyon avroluq dəstək paketi də nəzərdə tutulub. Moskva üçün enerji infrastrukturu Ukraynaya qarşı hərbi əməliyyatların mühüm əlavə təzyiq vasitəsidir. Kiyev üçün isə həmin infrastrukturun qorunması və bərpası müharibənin davam etdirilməsi baxımından həyati əhəmiyyət daşıyır”.

“Onların mövqeyi Avropanın mövqeyinə təsir edə bilər”

Ekspert qeyd edib ki, Avropa İttifaqı isə faktiki olaraq Rusiyanın hərbi təzyiqinin nəticələrini kompensasiya etməyə və Ukraynanın müqavimət imkanlarını qorumağa çalışır: “Amma ortada daha maraqlı sual yaranır. Avropa Ukraynanı yalnız qış böhranından çıxarmağa çalışır, yoxsa ABŞ-nin hərbi dəstəyində mümkün boşluqları da nəzərə alaraq uzunmüddətli müharibə dayanıqlılığı modelini qurur? Mənə elə gəlir, bu suala tam net bir cavab vermək hələ tezdir. Söhbət 2027-ci ildən Konqresdə hakim olan demokratların atacağı addımdan gedir. Yəni onların mövqeyi Avropanın da mövqeyinə təsir edə bilər, məncə. Hər halda qarşıdakı aylarda bəlli olacaq. Çünki Ukraynanın müharibədə davamiyyəti ABŞ-nin intensiv dəstəyinə daha çox bağlıdır”.

Yeni strateji reallıq

Siyasi ekspert Anar Əli deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Avropa İttifaqının ölkəsinə xüsusi təcili yardım mexanizmi tətbiq edəcəyi barədə açıqlaması Rusiya–Ukrayna müharibəsinin yeni strateji reallığını ortaya qoyur: “Noyabrın 9-da Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə telefon danışığında əldə olunan razılaşma göstərir ki, qarşıdan gələn qış mövsümündə müharibənin taleyi yalnız cəbhə xəttində deyil, enerji infrastrukturu uğrunda mübarizədə də müəyyənləşəcək. Rusiyanın Ukraynanın enerji obyektlərinə intensiv zərbələri təsadüfi deyil. Moskvanın strategiyası hərbi təzyiqlə yanaşı, Ukraynanın iqtisadi potensialını zəiflətmək, əhalinin müqavimət imkanlarını məhdudlaşdırmaq və Kiyevi daha əlverişsiz şərtlərlə danışıqlara sövq etmək üzərində qurulub. Enerji infrastrukturu bu müharibədə sadəcə iqtisadi obyekt deyil, dövlətin müqavimət qabiliyyətini müəyyən edən strateji müdafiə xəttidir”.

Müharibənin iqtisadi ölçüsü

“Bu baxımdan, Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi çərçivəsində səfərbər edəcəyi resurslar Ukrayna üçün mühüm əhəmiyyət daşıyır. Transformatorların, generatorların, elektrik avadanlıqlarının və digər zəruri vasitələrin operativ çatdırılması enerji sisteminin bərpasını sürətləndirə, xəstəxanaların, nəqliyyatın, rabitə sistemlərinin və sənaye müəssisələrinin fəaliyyətinin davamlılığını təmin edə bilər. Bu isə dolayı yolla Ukraynanın müdafiə sənayesinin istehsal imkanlarını və ordunun logistika təminatını qorumağa xidmət edəcək. Digər mühüm məqam müharibənin iqtisadi ölçüsü ilə bağlıdır. Enerji böhranının dərinləşməsi Ukraynanın dövlət büdcəsinə əlavə yük yaradır, istehsalın azalmasına və əhalinin ölkəni tərk etməsinə səbəb ola bilər. Avropanın dəstəyi bu riskləri azaltmaqla Kiyevin məhdud maliyyə resurslarının daha böyük hissəsini müdafiə ehtiyaclarına yönəltməsinə imkan verə bilər. Başqa sözlə, Ukraynaya göndərilən hər bir transformator cəbhəyə göndərilən silah qədər olmasa da, həmin silahın arxasındakı iqtisadi və sosial dayanıqlığı gücləndirir” – deyə ekspert qeyd edib.

Moskvaya siyasi mesaj

A.Əli söyləyib ki, bununla belə, Avropanın enerji yardımı müharibənin gedişində dərhal dönüş yaradacaq amil kimi qiymətləndirilməməlidir: “Rusiyanın raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar davam etdikcə bərpa olunan obyektlərin yenidən hədəfə alınması riski qalacaq. Buna görə də enerji yardımının effektivliyi Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsindən, enerji sisteminin şaxələndirilməsindən və Avropanın dəstəyinin davamlılığından asılı olacaq. Məsələnin geosiyasi tərəfi də diqqətdən kənarda qalmamalıdır. Brüsselin yeni təşəbbüsü Moskvaya ünvanlanan siyasi mesajdır: qışın sərtliyi Avropanın Ukraynaya dəstək iradəsini zəiflətməyəcək. Enerji təhlükəsizliyinin təmin olunması Kiyevin mümkün sülh danışıqlarında mövqeyini də möhkəmləndirə bilər. Çünki daxili sabitliyini və iqtisadi fəaliyyətini qoruyan dövlət xarici təzyiqlər qarşısında daha geniş manevr imkanlarına malik olur. Nəticə etibarilə, Avropanın enerji yardımı müharibənin hərbi balansını birbaşa dəyişdirməsə də, Ukraynanın uzunmüddətli müqavimət potensialını artırmaqla Rusiyanın strateji hesablamalarına təsir göstərə bilər. Bu müharibədə qələbənin şərtlərindən biri də cəbhə arxasının çökməməsidir. Moskva Ukraynanı qaranlığa qərq etməklə onun siyasi iradəsini sındırmağa çalışsa da, Avropa həmin qaranlığın strateji məğlubiyyətə çevrilməsinin qarşısını almağa çalışır”.

Röya İsrafilova