Neft Emalı Zavodu yenidən qurulacaq İqtisadiyyat

Neft Emalı Zavodu yenidən qurulacaq

SOCAR layihə üzrə müqavilə imzalayıb

Tərlan

Noyabrın 3-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin baş ofisində SOCAR və ABŞ-ın UOP şirkəti arasında Heydər Əliyev adına NEZ-in yenidən qurulması layihəsi üzrə müqavilə imzalanmışdır. İmzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri, UOP şirkətinin baş vitse-prezidenti Pete Piotrowski və digər şəxslər iştirak etmişlər. Tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev çıxış edərək bildirmişdir ki, Heydər Əliyev adına NEZ-in yenidən qurulması layihəsi hazırda şirkətin downstream (emal mərhələsi) mərhələsində həyata keçirdiyi ən vacib layihələrdən biridir. Yenidənqurma işləri nəticəsində mövcud texnoloji qurğuların modernləşdirilməsi və bəzi yeni qurğuların inşası nəzərdə tutulur. Bununla əlaqədar, yüksək keyfiyyətli benzin istehsalının təşkil olunması məqsədi ilə aparılmış araşdırma nəticəsində dünyada qabaqcıl təcrübəyə malik UOP şirkəti NEZ-in strukturuna daxil olan qurğular, o cümlədən koks naftasının hidrotəmizləməsi, katalitik krekinq, izomerləşmə, MTBE, doymamış maye qazın merkaptan oksidləşdirilməsi, aminlə təmizləmə və sulfidin oksidləşməsi qurğuları üzrə müvafiq lisenziar seçilmişdir. Bu münasibətlə qonaqları təbrik edən Rövnəq Abdullayev SOCAR və UOP arasında uzunmüddətli əməkdaşlığın mövcud olduğunu vurğulamışdır.
O, qeyd etmişdir ki, NEZ-in strukturuna daxil olan katalitik reforminq qurğusu məhz UOP şirkətinin lisenziyası əsasında inşa edilmiş, NQENKK və NEZ-in yenidən qurulması layihələri üzrə Texniki İqtisadi Əsaslandırılma UOP şirkətinin iştirakı ilə həyata keçirilmişdir. UOP şirkəti SOCAR-ın Türkiyədə həyata keçirdiyi STAR layihəsində də müxtəlif qurğular üzrə lisenziar seçilmişdir. UOP şirkətinin baş vitse-prezidenti Pete Piotrowski cavab nitqində SOCAR ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirmiş, yeni qurğuların inşası üçün təmsil etdiyi şirkətin lisenziar seçilməsinə görə təşəkkür etmişdir.
Sonra müqavilə imzalanmışdır. Sənədi SOCAR tərəfdən H. Əliyev adına NEZ-in direktoru Elman İsmayılov, qarşı tərəfdən UOP şirkətinin baş vitse-prezidenti Pete Piotrowski imzalamışlar. Qeyd edək ki, SOCAR Heydər Əliyev adına NEZ-in yenidən qurulması üzrə Avstriyanın Poerner, Fransanın Axens şirkətləri ilə də müqavilə imzalamışdır.