Ölkəyə gətirilən “halal” məhsullar yoxlanacaq İqtisadiyyat

Ölkəyə gətirilən “halal” məhsullar yoxlanacaq

Halal ət məhsulları istehsal edəcək şirkətlərin adları məlum olub

Tərlan

Xaricdən Azərbaycana gətirilən "Halal" markası ilə istehsal olunan məhsullar AZS 731-2012 (OİC/SMİİC 1:2011) "Halal qida. Ümumi tələblər" dövlət standartlarına uyğun tənzimlənəcək. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib: "Bu bizim milli standartımızdır və beynəlxalq standartın əsasında tətbiq olunub. Bunun üçün də istər Azərbaycanda, istərsə də xaricdə istehsal olunan məhsullar bu standarta uyğun olmalıdır".
R.Həsənov deyib ki, əgər hansısa şirkət Azərbaycana "Halal" markası ilə məhsullar idxal edəcəksə, onların bununla bağlı sertifikatı olmalıdır: "Bu sertifikatın əsasında Komitə tərəfindən araşdırmalar aparılacaq və onlara milli standarta uyğunluğu yoxlanılacaq".
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditasiya olunmuş sertifikatlaşdırma orqanına (AzSert) "Halal qida. Ümumi tələblər" dövlət standartlarına uyğun sertifikat almaq üçün müraciət edən və müsbət rəy verilən şirkətlərdən üçünün adı məlum olub. "SAB", "Səhliyalı" və "M&T LTD" şirkətlərinə "Halal qida. Ümumi tələblər" dövlət standartlarına uyğun məhsulların istehsal edilməsi üçün müsbət rəy verilib. "SAB" şirkətinin satış müdiri Eldar Yusif Nərimanoğlu APA-ya açıqlamasında ilkin müsbət rəy aldıqlarını təsdiqləyib. Onun sözlərinə görə, hazırda Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları müəssisəyə baxış keçirir.
"Səhliyalı" şirkətinin müdir müavini Cavad Quliyev şirkətə "Min Bərəkət-Halal" markası altında halal ət məhsullar istehsal etməklə bağlı ilkin müsbət rəy verildiyini bildirib. O qeyd edib ki, mart ayında "Səhliyalı" şirkətin və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları şirkətin xammal aldığı xarici ölkələrdəki ət kəsimi müəssisələrinə baxış keçirib, halal kəsimlə bağlı videoçəkiliş aparılıb: "Dünən də Dövlət Komitəsinin əməkdaşları bizim müəssisəmizə baş çəkdi. Şirkətimizə "Min Bərəkət-Halal" markası altında halal ət məhsullar istehsal etməklə bağlı ilkin müsbət rəy verilib və yaxın zamanlarda bununla bağlı sertifikat veriləcəyini gözləyirik". "M&T LTD" şirkətinə isə "Hacı Turqay" markası altında halal məhsullar istehsal etməklə bağlı müsbət rəy verilib.
Qeyd edək ki, aprelin 1-dən Azərbaycanda AZS 731-2012 (OİC/ SMİİC 1:2011) "Halal qida. Ümumi tələblər" dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində "halal" sözü yazılmış məhsulların istehsalı və satışı qadağasının tətbiqinə başlanıb və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarət Xidməti tərəfindən bununla bağlı yoxlamalar aparılır. "Halal" standartına uyğun məhsullar istehsal etməyən, bu standarta uyğun məhsullar istehsal etməyə şəraiti olmayan, standartın alınması ilə bağlı Komitəyə müraciət etməyən və üzərində əsassız olaraq "halal" sözü yazan şirkətlərə və istehsalçılara qarşı reydlər aparılır. Reydlər zamanı bu cür istehsalçıların məhsulları müəyyən edildikdə satışdan çıxarılacaq və həmin istehsalçılara qarşı inzibati qaydalara uyğun sərt təbdirlər görüləcək. Standartlaşdırma və Metrologiya üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı APA-ya bildirib ki, Azərbaycanda fəaliyyət göstərən cəmi 9 müəssisə Komitəyə "halal" standartının alınması ilə bağlı müraciət edib və artıq 4 belə müəssisəyə bu standarta uyğun məhsulların istehsal edilməsi üçün müsbət rəy verilib. O, "Halal qida. Ümumi tələblər" dövlət standartlarına uyğun sertifikat alacaq şirkətlərin adlarının yaxın günlərdə ictimaiyyətə açıqlanacağını bildirib.
Xatırladaq ki, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi arasında uzun müddət halal məhsulların istehsalına zəmanət verilməsi ilə bağlı mübahisəli durum yaşanıb. QMİ Bakı şəhərində fəaliyyət göstərən "SAB" və Gəncə şəhərində fəaliyyət göstərən "Halal Qida" şirkətlərinin məhsullarına halal zəmanəti verib. Mübahisəli durumun aradan qaldırılması üçün Dövlət Komitəsi İslam ölkələrindəki təcrübəni öyrənib və "Halal qida. Ümumi tələblər" dövlət standartını hazırlayaraq təsdiqləyib. Aparılan yoxlamalardan sonra "SAB" şirkəti də "Halal qida. Ümumi tələblər" dövlət standartlarına uyğun sertifikat almaq üçün müraciət edən və müsbət rəy verilən şirkətlər arasında yer alıb.
Xatırladaq ki, bir qədər əvvəl yoxlamalar zamanı "CF" və "Kristal" kolbasaları halal çıxmamışdı. Bakıda kolbasa istehsal edən müəssisədə məhsulların istehsalında ciddi nöqsanlar aşkar edilmişdi. İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Orxan SS" İstehsal-Kommersiya Firmasına məxsus Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küç.,2B ünvanında yerləşən istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisə tərəfindən bilərəkdən yalan reklamlar yayımlanmaqla və məhsulların markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilmişdi.
Belə ki, müəssisə tərəfindən istehsal olunan "CF" və "Kristal" əmtəə nişanlı ət məhsullarının avtonəqliyyat vasitələrində yayımlanan reklamlarında və həmin əmtəə nişanlı "Baranina", "Krakovskaya", "Servelat Xəzər", "Kristal Həvəskar", "Ukrainskaya kopçennaya" kolbasaları və "Təndir" sosiskasının etiketində məhsulların halal olması ilə bağlı ifadələrin verildiyi halda, müəssisədə halal ət məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığı və həmin məhsulların tərkibində donuz əti və piyi olan məhsullarla eyni istehsalat sahəsində istehsal olunduğu müəyyən edilib.
Bundan başqa, "Ukrainskaya kopçennaya" kolbasasının resepturasında və etiketində məhsulun tərkibində donuz ətinin olduğu göstərildiyi halda, həmin məhsulun etiketində məhsulların halal olması bağlı ifadələrin verildiyi, "Servelat" kolbasasının resepturasında məhsulun tərkibində donuz əti və donuz piyi nəzərdə tutulduğu halda, məhsulun etiketində bu məlumatın gizlədildiyi aşkar edilib.
Eyni zamanda, "Baranina", "Kristal Həvəskar", "Servelat Xəzər", "Doktorskaya", "Krakovskaya", "Oxotniciye", "Pəhriz", "Servelat" və "Salyami" kolbasaları və "Təndir" sosiskalarının istehsalında camış ətindən istifadə edildiyi halda, məhsulun mal ətindən istehsal edildiyi barədə yanlış məlumatların verildiyi müəyyən edilib.
Göründüyü kimi, az qala hər yoxlamada bazarda saxta, keyfiyyətsiz məhsullar aşkarlanır. Məlum olur ki, istehsalçılar kobud şəkildə istehlakçı hüquqlarını pozurlar. Əgər istehsalçı yalan reklam kampaniyası aparırsa, onu çox böyük məbləğdə cərimələmək lazımdır. Hətta kolbasaların "halal" reklamı telekanallarda adamların gözünü yağır eləyib...