BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsi ilə əməkdaşlıq İqtisadiyyat

BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsi ilə əməkdaşlıq

Tərlan

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin sədri Fransisko Karron və Komitənin digər bir sıra rəsmiləri ilə görüş olub. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında" Beynəlxalq Konvensiyasının 25 illiyi ilə bağlı Komitənin dekabrın 8-də Bakıda büro iclasının keçiriləcəyini qeyd edərək, bu tədbirin ölkəmizdə təşkil olunmasını yüksək dəyərləndirib: "Bu gün Prezident cənab İlham Əliyevin uğurlu islahatlar kursu nəticəsində dinamik inkişaf tempinə malik olan Azərbaycanda bütün sahələrdə olduğu kimi, miqrasiya sahəsində də beynəlxalq normalara uyğun siyasət aparılır. Ölkədə miqrasiya proseslərinin tənzimlənməsi ilə bağlı dolğun qanunvericilik bazası mövcuddur. Respublikada hələ 1999-cu ildə "Əmək miqrasiyası haqqında" Qanun qəbul edilib və 2004-cü ildə "Azərbaycan Respublikasının Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası" təsdiqlənib".
S.Müslümov bu Konsepsiyadakı vəzifələrin icrası ilə bağlı ötən dövrdə Dövlət Miqrasiya Proqramının qəbul edilərək icra olunduğunu, 2013-cü ildə artıq respublikada Miqrasiya Məcəlləsinin qəbul edildiyini bildirib: "Azərbaycanın iqtisadi inkişafı onun əmək bazarının əcnəbi işçilər üçün getdikcə daha cəlbedici olması və ölkəyə əməkçi miqrant axınının güclənməsi ilə müşahidə olunur. Bununla bağlı olaraq, ölkədə əmək miqrasiyasının innovativ rəqabətə davamlı milli iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun şəkildə təkmilləşdirilməsi işləri davam etdirilir".
Nazir miqrasiya münasibətlərinin tənzimlənməsində "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında" Beynəlxalq Konvensiyanın prinsiplərinin daim diqqətdə saxlanıldığını qeyd edib: "Bu prinsiplər əməkçi miqrantların, onların ailə üzvlərinin insan hüquqlarına hörmətlə yanaşılmasını, onlara qəbul edildikləri ölkənin digər vətəndaşları kimi bərabər münasibətin və əmək şəraitinin təmin edilməsini nəzərdə tutur. Biz hələ 1998-ci ildə bu Konvensiyaya qoşulmuşuq və onun icrası ilə bağlı hesabatlar da hazırlanaraq müvafiq beynəlxalq qurumlara təqdim edilir".
S.Müslümov miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi işlərində BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsi, Avropa Şurasının Miqrasiya Komitəsi, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz, Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığa xüsusi önəm verildiyini də diqqətə çatdırıb.
Son illərdə ölkəmizdə yaradılmış əmək müqavilələrinin elektron qeydiyyat sistemi barədə məlumat verən nazir bu sistemin əmək bazarı barədə real və dolğun məlumatlar əldə etməyə, o cümlədən respublikada əməkçi miqrantlarla bağlı vəziyyəti obyektiv şəkildə öyrənməyə imkan verdiyini vurğulayıb: "Hazırda əmək müqavilələrinin elektron qeydiyyat sistemində 11 mindən çox əməkçi miqrantla bağlanmış əmək müqaviləsi qeydiyyatdan keçib. Azərbaycan vətəndaşları kimi, həmin miqrantların da əmək hüquqları təmin olunur və onlar ölkə vətəndaşları ilə eyni sosial müdafiə sistemi ilə əhatə ediliblər".
F.Karron Azərbaycanda əmək miqrasiyası proseslərinin idarə olunması sahəsində aparılan fəal dövlət siyasətinin onda məmnunluq doğurduğunu vurğulayıb. O, ölkəmizin bu sahədə mütərəqqi beynəlxalq prinsiplərə qoşulmasının, onların icrasını işgüzarlıqla təmin etməsinin, habelə müvafiq beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığının rəhbəri olduğu Komitədə razılıqla qarşılandığını bildirib.
Görüşdə miqrasiya siyasətinin təkmilləşdirilməsi, əməkçi miqrantların, onların ailə üzvlərinin müdafiəsi sahəsində görülən işlər, BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsi ilə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.