Xırdalan metal konstruksiyalar zavodunda nazirlə görüş İqtisadiyyat

Xırdalan metal konstruksiyalar zavodunda nazirlə görüş

Zavod ABŞ, Türkiyə, Almaniya və Finlandiyanın istehsalı olan ən müasir avadanlıqlarla təchiz olunub

Tərlan


Azərbaycan iqtisadiyyatının sənaye sahəsi də inkişaf edir, potensial daha da gücləndirilir, rəqabət qabiliyyətli məhsul istehsal edən yeni müəssisələr yaradılır, ixrac imkanları genişləndirilir.
Belə müəssisələrdən biri də "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın Xırdalan Metal Konstruksiyalar Zavodudur. Dekabrın 19-da İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev Xırdalan Metal Konstruksiyalar Zavodunda müəssisənin daxil olduğu "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın nümayəndələri ilə görüşmüşdür.
Nazir Şahin Mustafayev iqtisadiyyatın diversifikasiyasının və qeyri-neft sektorunun inkişafının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycanda son 10 ildə Ümumi Daxili Məhsul istehsalı 3 dəfə, sənaye istehsalı 2,7 dəfə, qeyri-neft sənayesi 1,8 dəfə artmışdır. Azərbaycanda iqtisadiyyatın əsas sahələrindən olan sənayenin inkişafına xüsusi önəm verilir. Təsadüfi deyildir ki, dövlət başçısı tərəfindən ötən il "Sənaye ili" elan olunmuş, "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir. Görülən işlərin nəticəsi olaraq, qeyri-neft sektorunun ÜDM-də payı 70%-ə çatmış, 2015-ci ilin yanvar-noyabr ayları ərzində sənaye 3%, qeyri-neft sənayesi 7,5% artmışdır.
Ölkə iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələnməsində özəl sektor xüsusi rol oynayır. Prezident İlham Əliyevin "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji xəttinə uyğun olaraq, Azərbaycanda sahibkarlığın stimullaşdırılması və inkişafı üçün özəl bölməyə xüsusi diqqət göstərilir, müxtəlif istiqamətlər üzrə dövlət dəstəyi tədbirləri həyata keçirilir. Dövlət başçısının təşəbbüsü ilə sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılmasına dair Qanunun qəbul olunması, gömrük və lisenziyalaşdırma sahələrində inzibati prosedurların sadələşdirilməsinə dair imzalanmış fərmanlar sahibkarlıq sahəsində çox mühüm addımlar olmaqla özəl bölmənin inkişafına böyük təkan verəcəkdir. Artıq lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzləri vasitəsilə verilir ki, bu da sahibkarlıq fəaliyyətinin səmərəli təşkilində və şəffaflığın təmin olunmasında xüsusilə önəmlidir.
Sənayenin ayrı-ayrı sahələrinin inkişafı barədə danışan nazir Şahin Mustafayev qeyri-neft sektorunun inkişafında "Akkord" şirkətinin uğurlu fəaliyyətini qeyd etmiş, şirkətin tikinti-quraşdırma işləri ilə yanaşı, inşaat sektorunun tikinti materiallarına olan tələbatının yerli məhsullar hesabına ödənilməsində əhəmiyyətli rolunu vurğulamışdır. Yeni fəaliyyətə başlamış Xırdalan Metal Konstruksiyalar Zavodu da qeyri-neft sektorunun inkişafına və ölkəmizin sənaye potensialının güclənməsinə öz töhfəsini verəcəkdir.
10 ildir sənaye və tikinti sahəsində fəaliyyət göstərən "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"na sənayenin müxtəlif sahələrində, o cümlədən mərmər-qranit emalı, sement, beton, asfalt, kərpic, metal-konstruksiya və yüngül sənaye sahələri üzrə 39 müəssisəni əhatə edən 15 şirkət daxildir. Korporasiyanın fasad texnologiyaları və plastik qapı-pəncərə istehsalı müəsisələrinin gələn il istifadəyə verilməsi nəzərdə tutulur.
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nda 3700-dən çox işçi çalışır. Hazırda Korporasiyanın bir sıra xarici ölkələrdə, o cümlədən Çin, Rusiya, İran, Oman və Küveytdə nümayəndəlikləri yaradılır. Korporasiya xarici ölkələrdə reallaşdırılan və dəyəri 1,5 mlrd. dollar olan layihələrdə iştirak etmək üçün investisiya təklifi ilə çıxış edib. "Akkord"un cari tikinti layihələrinin ümumi dəyəri 901 mln. manatdır. Şirkət Türkiyədə hər birinin gücü 150 mvt/saat olan 3 elektrik stansiyasının tikintisi ilə bağlı müraciət edib. Bundan başqa, Cənubi Koreyanın "Hyundai" şirkəti ilə birgə İranda elektrik stansiyasının tikintisi, Qətər Əmirliyində sənaye sahəsində həyata keçiriləcək layihələrdə iştirakla bağlı danışıqlar aparılır.
Rəqabət qabiliyyətli məhsul istehsal edən "Akkord" 2016-cı ildə Gürcüstana sement istehsalının əsas komponenti olan 200 min ton klinker ixrac etməyi planlaşdırır. "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın yeni yaradılan Xırdalan Metal Konstruksiyalar Zavodu 5,5 hektar ərazidə inşa edilib. Zavod ABŞ, Türkiyə, Almaniya və Finlandiyanın istehsalı olan ən müasir avadanlıqlarla təchiz olunmuşdur. Zavod 3 əsas istehsal sexindən - Metal konstruksiya, Metal əritmə və Fasad üzlük istehsalı sexlərindən ibarətdir. Bununla yanaşı, zavodun ərazisində sahəsi 2600 m2 -ə yaxın inzibati bina, laboratoriya, qazanxana, su anbarı, nasosxana və transformator yarımstansiyası inşa edilmişdir.
Müəssisədə müxtəlif növ metal konstruksiyalar, sement zavodları üçün qurğular, dam örtükləri, işıq dirəkləri və s. istehsal edilir. Müəssisə ildə 10 min ton məhsul istehsal etmək gücünə malikdir. Bununla yanaşı, müəssisə layihələndirmə və montaj işlərini də həyata keçirir. Hazırda zavodda 100-ə yaxın şəxs işlə təmin olunmuşdur. Gələcəkdə işçilərin sayının bir növbədə 450 nəfərə çatdırılması nəzərdə tutulur. Zavodda işçilər üçün hər cür şərait yaradılmışdır. Zavodda işləyənlər üçün tibb məntəqəsi və digər sosial obyektlər istifadəyə verilmişdir. Zavodun müasir tələblərə cavab verən yeməkxanasında işçilər pulsuz yeməklə təmin olunur. Bundan başqa, işçilərin rahat gəliş-gedişi üçün xüsusi nəqliyyat vasitələri ayrılmışdır.
Müəssisənin müasir və geniş Sərgi-Konfrans salonunda "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası"nın istehsal etdiyi məhsullar nümayış olunur. Burada Korporasiyanın ən qabaqcıl texnologiyalara əsaslanan məhsulları ilə tanış olmaq imkanı yaradılmışdır. Xırdalan Metal Konstruksiyalar Zavodu müasir texnologiya və avadanlıqların tətbiq edildiyi və hazırkı dövrün tələblərinə tam cavab verən iri sənaye müəssisəsidir.