“Denominasiyaya lüzum yoxdur” İqtisadiyyat

“Denominasiyaya lüzum yoxdur”

Mərkəzi Bankın sədri: ""5 000 dollaradək kredit götürən müştərilərə müəyyən güzəştlər ola bilər"

Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov dollarda kredit götürən borclananlara güzəşt edilib-edilməyəcəyinə aydınlıq gətirib.
Elman Rüstəmov bildirib ki, hal-hazırda bu məsələ "bizim iqtisadi komandanın gündəliyinə daxildir və müzakirə olunur".
Müxbirimizin "5 000 dollaradək olan kreditlər köhnə məzənnə ilə ödənilə bilərmi" sualına baş bankir bu cür cavab verib: "5 000 dollaradək kredit götürən müştərilərə müəyyən güzəştlər ola bilər. İlkin hesablamalara görə, söhbət 250 milyon dollardan gedir. Burada əsas məsələ kompensasiyanın maliyyə mənbəyinin tapılmasıdır. Bu, təkcə Mərkəzi Bankın səlahiyyətinə aid məsələ deyil, buna bütövlükdə Azərbaycanın iqtisadi komandası qərar verməlidir".
Elmar Rüstəmov deyib ki, Azərbaycan manatının denominasiyasını həyata keçirməyə lüzum yoxdur.
Elman Rüstəmovun sözlərinə görə, sosial şəbəkələrdə yeni pul nişanlarını çap olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir: "Bu, uydurmadır. Bildiyiniz kimi, denominasiyanı həyata keçirmək üçün milli valyutada qüsurlar olmalıdır. Bundan başqa, hiperinflyasiya olmalıdır. Hal-hazırda Azərbaycanda hiperinflyasiya müşahidə olunmur və milli valyutada qüsurlar yoxdur. Buna görə, indiki şəraitdə denominasiyaya lüzum yoxdur".