“Gömrük tariflərinə yenidən baxılması mümkündür” İqtisadiyyat

“Gömrük tariflərinə yenidən baxılması mümkündür”

"Sınıq Körpü"də yarana sıxlıq tam aradan qaldırılıb

"Son dövrlərdə Azərbaycanda gömrük xidmətinin təkmilləşdirilməsi ilə bağlı mühüm qərarlar qəbul olunub. Azərbaycan gömrük xidmətini dünyada nümunəvi bir gömrük orqanına çevirəcəyik". "APA-Economics" xəbər verir ki, bunu dünən Bakıda "Gömrük sistemində inkişaf və gələcək perspektivlər" mövzusunda keçirilən konfransda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib. "Biz inqilabi dəyişikliklər gözləyirik. Bu gün dünyada baş verən proseslər, o cümlədən Azərbaycanda baş verən hadisələr bunu bir daha gündəmə gətirir. Artıq bir neçə ildir ki, dünya iqtisadiyyatı dərin bir iqtisadi böhrandadır. Bu, neft məhsullarının qiyməti ilə, dünyada baş verən siyasi proseslər, bir çox ölkələrdə təhlükəsizliyin təmin edilməməsi ilə bağlıdır. Təəssüf ki, narahatlıq yaradan sahələr gündən-günə artır. Bir çox yerlərdə müharibələr gedir. Aydın məsələdir ki, bu hadisələr bütün ölkələrin iqtisadiyyatına təsirsiz qalmır. Son illər ərzində dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinin dəyişdirilməsi və digər hadisələr ölkə iqtisadiyyatı, iqtisadi siyasəti qarşısında yeni prioritetlər qoyur. Bunu ölkə başçısı da öz çıxışlarında xüsusi qeyd edib. Artıq Azərbaycanda qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin açılması, yeni sənaye müəssisələrin yaradılması əsas prioritet məsələlərdən biridir. Bunun da ilk növbədə gömrük və vergi orqanlarında, iqtisadiyyatı tənzimləyən digər qurumların işi yeni bir mərhələyə qaldırılmalıdır. Bildiyiniz kimi, tarixdə gömrük orqanları iki növ siyasət - azad ticarət siyasəti və ölkədə istehsalın qorunması sahəsində proteksionist siyasəti həyata keçirə bilərlər. Son aylar Gömrük və Vergi Məcəllələrinə dəyişiklik edilib, iqtisadiyyatı tənzimləyən sahələrlə bağlı çox mühüm qanunvericilik aktları qəbul edilib".
"Gömrük tariflərinə yenidən baxılması mümkündür". Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib. A. Əliyevin sözlərinə görə, tariflərin azaldılması və ya artırılması hökumətin hüququdur: "Biz bununla bağlı təklifimizi vermişik. Təkliflər də ondan ibarətdir ki, biz Azərbaycanda istehsal olunan mallara "yaşıl işıq" yandırmalıyıq. Azərbaycanda istehsal zamanı istifadə olunan xammalın idxal rüsumları azaldıla bilər. Bunlar bizim təklifimizdir".
Martın 13-dən 14-ə keçən gecə Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda nisbi sıxlıq yaranıb və tez bir zamanda tam aradan qaldırılıb. Bu barədə "APA-Economics"ə Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, həftənin istirahət günlərində və bayram günləri ərəfəsində qonşu Gürcüstana səyahət edənlərin intensiv şəkildə geri qayıtması "Sınıq Körpü" gömrük postunun idxal nəzarət xəttində iş rejiminin gərginləşməsi ilə nəticələnib: "Ölkəyə gələnlərin sayındakı kəskin artım bu gömrük keçid məntəqəsində təqribən 2 saata qədər nisbi sıxlığın yaranmasına səbəb olub. Dərhal Azərbaycan gömrük xidmətinin həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində sıxlıq aradan qaldırılıb, nəqliyyat vasitələrinin və fiziki şəxslərin normal iş rejimində keçidi bərpa edilib". Komitədən bildirilib ki, hazırda Azərbaycan-Gürcüstan sərhədində heç bir sıxlıq müşahidə olunmur, vətəndaşların və nəqliyyat vasitələrinin sərhəddən sərbəst şəkildə keçidi tam təmin edilir.