Aİ TAP vasitəsilə İtaliyaya idxal olunan qazın dəyərini açıqlayıb İqtisadiyyat

Aİ TAP vasitəsilə İtaliyaya idxal olunan qazın dəyərini açıqlayıb

2022-ci ildə İtaliya Azərbaycandan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə 13 253 515 481 avro dəyərində təbii qaz satın alıb.

Bu barədə Trend-ə Avropa İttifaqının (Aİ) statistika idarəsi olan "Eurostat"dan bildiriblər.

"Eurostat"ın məlumatlarına əsasən, ötən il Azərbaycandan İtaliyaya təbii qaz ixracı 9 647 055 057 kubmetr təşkil edib.

2022-ci ildə Aİ ölkələrinin Azərbaycan qazının idxalına çəkdikləri ümumi xərc 15 598 852 881 avro, tədarüklərin həcmi isə 11 941 237 690 kubmetr olub.

Qeyd edək ki, 2022-ci ilin yekunlarına görə, ölkədə qaz hasilatı 46,7 milyard kubmetr təşkil edib. Bu göstərici 2021-ci illə müqayisədə 6,5 faiz və ya 2,5 milyard kubmetr artıb. Beləliklə, "Azəri-Çıraq-Günəşli" yatağından 13,4 milyard kubmetr, "Şahdəniz" yatağından isə 25,2 milyard kubmetr qaz hasil edilib. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən isə 8,1 milyard kubmetr qaz hasil olunub.

2022-ci il ərzində hasil edilən Azərbaycan qazının ümumi həcminin 22,3 milyard kubmetri ixrac olunub ki, bu da 2021-ci ilin göstəricisindən 18 faiz yüksəkdir.

Qeyd edək ki, Azərbaycan Avropaya təbii qazı Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik boru kəməri (TAP) ilə nəql edir. TAP-ın ilkin buraxılış qabiliyyətinin illik 10 milyard kubmetr olmaqla, 20 milyard kubmetrədək artırılması mümkündür.