TAP-ın təməli qoyuldi İqtisadiyyat

TAP-ın təməli qoyuldi

Con Kerri: "ABŞ Cənub Qaz Dəhlizinə dəstəyini davam etdirəcək"

Yunanıstanın Soloniki şəhərində Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) təməlqoyma mərasiminin rəsmi açılışı keçirilib.
Mərasimdə Yunanıstanın baş naziri Aleksis Tsipras çıxış edib. Baş nazir qeyd edib ki, TAP-ın tikintisi Yunanıstan və region iqtisadiyyatı üçün həlledici məqamda aparılır. Aleksis Tsiprasın sözlərinə görə, Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP regional əməkdaşlığı tərənnüm edir: "Layihənin olduqca böyük geostrateji və iqtisadi əhəmiyyət var. Hər il TAP vasitəsilə 10 milyard kubmetr qaz nəql olunacaq. Lakin gələcəkdə kəmərin ötürücülük qabiliyyəti 20 milyard kubmetri ötə bilər. Tikinti işlərinə 8 000 insan cəlb olunacaq ki, bu da olduqca əhəmiyyətlidir. Yunan şirkətlərinin layihəyə cəlb olunması bizim üçün olduqca vacibdir".
Yunanıstanın baş naziri deyib ki, TAP layihəsinin icrası zamanı ətraf mühitin qorunması üçün maksimum səviyyədə tədbirlər görülüb: "Görülən işlər ən sərt tələblərə cavab verir. Bundan başqa, yerli icmalara indiyədək 32 milyon avro ayrılıb. Layihənin icrası işsizlik səviyyəsinin azaldılması baxımından olduqca önəmlidir. Biz başqa bir dövrə qədəm qoyuruq. TAP-ın icrası Yunanıstan iqtisadiyyatının, o cümlədən sənayenin inkişafına böyük təkan verəcək".
Mərasimdə ABŞ dövlət katibi Con Kerrinin məktubu oxunub.
Con Kerri məktubunda bildirib ki, TAP layihəsinin reallaşması ilə Avropa bazarlarına yeni qazın çıxışına şərait yaranacaq: "Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan Avropaya 10 milyard kubmetrdən çox qaz nəql olunacaq. Bu layihənin reallaşması ilə Avropa bazarına yeni qaz çıxacaq. Buna görə, nəinki Cənub Qaz Dəhlizi, o cümlədən Yunanıstan-Bolqarıstan qaz interkonnektoru ilə bağlı işlər davam etdirilməlidir. TAP və Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyə töhfə verəcək. Bugünkü təməlqoyma mərasimi Cənub Qaz Dəhlizinin tamamlanması istiqamətində atılan ən zəruri addımdır. Nəticədə həm regional, həm də Avropanın enerji mənbələrinin diversifikasiyası təmin ediləcək. ABŞ bu layihəyə dəstəyini davam etdirəcək".

Qeyd edək ki, təməlqoyma mərasimində Azərbaycandan olan nümayəndə heyətinə baş nazirin birinci müavini Yaqub Eyyubov rəhbərlik edib. Mərsimdə Yaqub Eyyubovla yanaşı energetika naziri Natiq Əliyev və SOCAR-ın prezidenti Rövnəq Abdullayev, həmçinin Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç, ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokstayn, İtaliyanın dövlət naziri Klaudio de Vintsenti, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili və layihənin iştirakçısı olan ölkələrin energetika nazirləri də iştirak ediblər.
Qeyd edək ki, TAP "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Azərbaycan qazının bu kəmərlə nəqlinə 2019-cu ilin sonunda başlanması gözlənilir.
Xatırladaq ki, TAP-ın səhmdarları SOCAR (20%), BP (20%), "Snam" (20%), "Fluxys" (16%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləridir. Kəmərin uzunluğu 878 km-dir.