“Dayanıqlı İnkişaf üçün Enerji” Forumuna hazırlıq müzakirə olunub İqtisadiyyat

“Dayanıqlı İnkişaf üçün Enerji” Forumuna hazırlıq müzakirə olunub

İsveçrənin Cenevrə şəhərində BMT Avropa İqtisadi Komissiyasının (AİK) Dayanıqlı Enerji Komitəsinin 25-ci sessiyası keçirilir. Sessiyanın əsas məqsədi Enerji ilə bağlı Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və "Paris iqlim sazişi"ndən irəli gələn dayanıqlı və ekoloji təmiz enerjidən istifadəni asanlaşdırmaq, ətraf mühitə buraxılan istixana qazlarının miqdarının azaldılması istiqamətində beynəlxalq siyasi dialoq və hökumətlərarası əməkdaşlığın gücləndirilməsi, dövlətlərin bu sahədə səylərini artırması üzrə fəaliyyətlərin təhlil edilməsi, həmçinin bərpa olunan enerji və enerji səmərəliliyinin istifadəsi üçün DİM-ə nail olunmasına birbaşa və dolayı yolla köməklik göstərməkdir.
Azərbaycan Respublikasi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 28-də keçirilən 25-ci sessiyanın açılışına Dövlət Agentliyi sədrinin energetika məsələləri üzrə müşaviri, BMT AİK-in Davamlı Enerji Komitəsi Bürosunda sədr müavini, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) və Abu Dabi İnkişaf Fondunun (ADFD) Mütəxəssislər Panelinin üzvü Nəzir Ramazanov sədrlik edib.
Sessiyanın gündəliyində həmçinin, oktyabrın 18-21-də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bakı şəhərində Azərbaycan hökuməti və BMT AİK tərəfindən keçiriləcək "Dayanıqlı İnkişaf üçün Enerji" 7-ci Beynəlxalq Forumu, eləcə də 2017-ci il iyunun 11-də Qazaxıstanın paytaxtı Astana şəhərində baş tutacaq "Dayanıqlı İnkişaf üçün Enerji" 8-ci Beynəlxalq Forumu və Enerji Nazirlərinin görüşü ilə bağlı hazırlıq və bu tədbirlərdə qəbul ediləcək sənədlərin müzakirəsi xüsusi yer tutur. 25-ci sessiyasının gündəliyə çıxardığı məsələlər Bakıda keçiriləcək 7-ci Beynəlxalq Forum çərçivəsində Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün maneələrin aradan qaldırılması, ölkələrin ətraf mühitə təsirlərin azaldılmasına dəstəyi, "Paris İqlim sazişi"ndən və Dayanıqlı İnkişaf Naminə Enerji (SE4ALL) üzrə razılaşdırılmış Fəaliyyət planından irəli gələn milli öhdəliklərin və çağırışların dünya dövlətləri tərəfindən tətbiqi istiqamətindəki fəaliyyətlərinin öyrənilməsi, karbon intensivliyinin azaldılmasında alternativ və bərpa olunan enerji mənbələrinin və enerji səmərəliliyinin rolunun artırılması, bu istiqamətdə investisiya imkanlarının araşdırılması kimi mühüm mövzuların müzakirə olunmasına öz töhfəsini verəcək.