Elnarə Akimova: Türk dünyası güclü, İslam aləmi həmrəy olmalıdır Siyasət

Elnarə Akimova: Türk dünyası güclü, İslam aləmi həmrəy olmalıdır

“Azərbaycan Türk və İslam dünyasının kəsişməsində özünəməxsus mövqeyə malikdir”

Bunu Milli Məclisin deputatı Elnarə Akimova “xalqcəbhəsi.az”a açıqlamasında Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri və digər nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirləri şərh edərkən bildirib.

O qeyd edib ki, dövlət başçısının çıxışında Azərbaycanın Türk dünyası, Qafqaz və İslam aləmi ilə münasibətlərinin mahiyyəti aydın şəkildə ortaya qoyulub:

“Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının toplantısının və Seyid Yəhya Bakuvi ilə bağlı beynəlxalq konfransın eyni vaxtda keçirilməsi olduqca dərin məna daşıyır. Burada tarix, mədəniyyət, mənəviyyat və müasir diplomatiya bir nöqtədə birləşir.

Seyid Yəhya Bakuvi kimi böyük mütəfəkkirlərin irsi bizim üçün sadəcə qürur mənbəyi deyil, həm də dünyaya təqdim etməli olduğumuz mənəvi sərvətdir. Azərbaycan əsrlər boyu İslam mədəniyyətinə, Şərq fəlsəfəsinə və dünya ədəbiyyatına böyük şəxsiyyətlər bəxş edib. Bu irsin Bakıda beynəlxalq səviyyədə müzakirə olunması Azərbaycanın öz tarixi yaddaşına verdiyi əhəmiyyəti göstərir”.

Deputat bildirib ki, Türk və İslam dünyası arasında əlaqələrin möhkəmləndirilməsi də Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdəndir:

“Azərbaycan bu iki böyük coğrafiyanın kəsişməsində yerləşən ölkə kimi özünəməxsus mövqeyə malikdir. Türk Dövlətləri Təşkilatında fəal iştirakımızla yanaşı, İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində həyata keçirilən layihələr, 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın bu istiqamətdə konkret fəaliyyətini nümayiş etdirir. Qarşıdakı dövrdə İƏT Zirvə Görüşünün Bakıda keçirilməsi də bu əməkdaşlığın yeni mərhələsi üçün mühüm platforma ola bilər”.

E.Akimova Prezident İlham Əliyevin çıxışında Qarabağ mövzusunun xüsusi yer almasına da diqqət çəkib:

“Qarabağın bərpası yalnız yolların, binaların və şəhərlərin yenidən qurulması demək deyil. Orada dağıdılmış məscidlərin, dini abidələrin və mənəvi yaddaşın bərpası da bu qayıdışın ayrılmaz hissəsidir. Ağdam məscidinin bərpası bu baxımdan çox güclü simvolik məna daşıyır. Biz faktiki olaraq təkcə şəhərləri deyil, tariximizi və yaddaşımızı da yenidən ayağa qaldırırıq”.

Deputatın sözlərinə görə, çıxışın mühüm mesajlarından biri də keçmişin ağrılarını unutmadan gələcəyə sülhlə baxmaq çağırışıdır:

“Azərbaycan müharibənin dəhşətlərini, şəhidlərini, Xocalını və dağıdılmış irsini unutmur. Ancaq yaddaşın qorunması gələcək nəsillərin yeni qarşıdurmalar içində yaşaması anlamına gəlməməlidir. Əksinə, bu yaddaş sülhün, təhlükəsizliyin və sabitliyin dəyərini daha yaxşı anlamağımıza xidmət etməlidir”.

E.Akimova dini liderlərin bu prosesdə xüsusi məsuliyyət daşıdığını vurğulayıb:

“Onların sülh, mərhəmət, qarşılıqlı hörmət və həmrəylik barədə verdiyi mesajlar milyonlarla insanın düşüncəsinə təsir edə bilər. Bu gün dünyada parçalanma və qarşıdurmaların artdığı bir vaxtda dini liderlərin bir araya gəlməsi özü mühüm mesajdır”.

Deputat əlavə edib ki, Türk dünyasının güclənməsi, İslam aləmində həmrəyliyin möhkəmlənməsi və Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi bir-birini tamamlayan istiqamətlərdir:

“Bugünkü dünyada heç bir xalqın inkişafı yalnız öz sərhədləri daxilində baş vermir. Güclü əlaqələr, qarşılıqlı etimad və ortaq dəyərlər dövlətlərin də, xalqların da imkanlarını genişləndirir.

Prezidentin çıxışında səslənən fikirlər tarixi unutmadan, milli kimliyi və mənəvi dəyərləri qoruyaraq bütün bunları sülh və əməkdaşlıq naminə böyük birliyə çevirmək çağırışıdır. Azərbaycanın Bakıda yaratdığı bu dialoq platformasının əsas dəyəri də elə bundadır”.

Günel Elxan