519,1 milyon manatlıq büdcə kəsiri yaranıb İqtisadiyyat

519,1 milyon manatlıq  büdcə kəsiri yaranıb

Bu ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 10103,1 milyon manat, xərcləri 10622,2 milyon manat olub, 519,1 milyon manat məbləğində büdcə kəsiri (defisit) yaranıb. Maliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, doqquz ayda dövlət büdcəsinin mədaxili 12098,3 milyon manat proqnoza qarşı 10103,1 milyon manat və ya 16,5 faiz az icra olub. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,2 faiz icra edilməklə dövlət büdcəsinə 4926,3 milyon manat vəsait təmin edilib. Həmin vəsaitin 78,0 faizi (ötən ilin eyni dövrünə nisbətən 9,6 faiz-bənd çox) və ya 3843,8 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da 2015-ci ilin eyni dövrünə nisbətən 374,6 milyon manat və ya 10,8 faiz çoxdur.
2016-cı ilin doqquz ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 125,6 faiz əməl edərək dövlət büdcəsinə 1653,8 milyon manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 529,6 milyon manat və ya 47,1 faiz çoxdur. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 3260,0 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 2370,5 milyon manat və ya 42,1 faiz azdır. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 192,9 milyon manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 70,1 milyon manat vəsait daxil olub.
2016-cı ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxili 3969,3 milyon manat icra olunub. Doqquz ayda dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 87,5 faiz və ya 10622,2 milyon manat icra olunub. İqtisadi təsnifata uyğun olaraq cari ilin doqquz ayında dövlət büdcəsi xərclərinin 42,5 faizi və ya 4514,0 milyon manatı sosialyönlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 406,6 milyon manat və ya 9,9 faiz çoxdur.
Cari ilin altı ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 212,8 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidənqurulmasına və digər sahələrə 1151,7 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin dövlət əsaslı qoyuluşu xərclərindən 29,0 milyon manat vəsait yönəldilib.
2016-cı ilin doqquz ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib. Cari ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri 3800,7 milyon manat icra olunub. Doqquz ayda icmal büdcənin gəlirləri 14951,0 milyon manat, icmal büdcənin xərcləri isə 12623,4 milyon manat icra olunub. İcmal büdcənin artıqlığı 2327,6 milyon manat təşkil edib.