“Turizm etikası üzrə konvensiya” hazırlanır İqtisadiyyat

“Turizm etikası üzrə konvensiya” hazırlanır

BMT-nin Dünya Turizm Təşkilatının (DTT) Madriddəki qərargahında "Turizm etikası üzrə Konvensiya"nın hazırlanması məqsədilə yaradılmış İşçi qrupunun ikinci iclası keçirilib. İclasda DTT-nin baş katibi Taleb Rifai, Turizm Etikası üzrə Dünya Komitəsinin sədri Paskal Lami, eləcə də işçi qrupuna daxil olan 16 üzv ölkənin nümayəndələri iştirak edib. İclasda Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Xatırladaq ki, 2016-cı il aprelin 25-də işçi qrupunun Madrid şəhərində keçirilən ilk iclasında Nazim Səmədov üzvlər tərəfindən yekdilliklə İşçi qrupunun sədri seçilmişdir.
Nazirlikdən bildirilib ki, ikinci iclas çərçivəsində "Turizm etikası üzrə Konvensiya" layihəsinin müddəalarına baxılıb, İşçi qrupunun ilk iclası zamanı əlavə edilən fikirlər yenidən təhlil edilib, eləcə də DTT katibliyi tərəfindən təqdim edilən əlavə bənd və müddəalar geniş müzakirəyə çıxarılıb. Bununla yanaşı, 2017-ci il ərzində Konvensiyanın qəbul edilməsi istiqamətində görüləcək mühüm işlər və tarixlər haqqında məlumatlar təqdim edilib.
Xatırladaq ki, İşçi qrupunun əsas vəzifəsi Turizm Etikası üzrə Dünya Komitəsi ilə birgə işləyərək DTT-nin Turizm üzrə Qlobal Kodeksi əsasında hüquqi cəhətdən bütün üzv ölkələrə məcburi qaydada şamil oluna bilinəcək "Turizm etikası üzrə Konvensiya"nı hazırlayıb qurumun Baş Assambleyasına təqdim etməkdən ibarətdir. Sözügedən Konvensiya turistlərin hüquqlarının qorunması, onların təhlükəsizliyi naminə aparılmalı olan islahatlar, turizm sənayesi mütəxəssislərinin üzərinə düşən öhdəliklər, eləcə də turizmin davamlı inkişafda və beynəlxalq sülhdə oynadığı rol və turizm sektoru üzrə bir sıra digər mühüm müddəaları özündə əks etdirəcəkdir. Sözügedən sənəd DTT-nin ilk Konvensiya sənədi olacaqdır.
Qeyd edək ki, fevralın 1-də nazir müavini Nazim Səmədovun Turizm Etikası üzrə Dünya Komitəsinə İşçi qrupunun sədri qismində ikinci görüşün hesabatını təqdim etməsi nəzərdə tutulub.