Azərbaycan neft hasilatı öhdəliyinə sadiqdir İqtisadiyyat

Azərbaycan neft hasilatı öhdəliyinə sadiqdir

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin 10 dekabr 2016-cı il tarixində Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşmaya uyğun olaraq Azərbaycan cari ilin fevral ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Birgə Texniki Komissiyasına təqdim edib.
Energetika Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, həmin məlumatlara əsasən, cari ilin fevral ayı ərzində Respublika üzrə gündəlik neft hasilatı 776,4 min barrel olub. Bunun 726,4 min barrelini xam neft, 50,0 min barrelini isə kondensat təşkil edib.
Gündəlik 604,1 min barrel xam neft, 50,0 min barrel kondensat, 26,8 min barrel isə neft məhsulları ixrac edilib. Beləliklə, 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barrel azaltmaları barədə əldə olunmuş razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, yanvar ayı ərzində Respublika üzrə gündəlik neft hasilatı 793,9 min barrel olub.
OPEC və qeyri-OPEC ölkələrinin nazirlərindən ibarət Birgə Monitorinq Komitəsindən Energetika Nazirliyinə daxil olmuş məktubda Azərbaycanın anlaşmaya 214 % əməl etməsi qeyd edilərək, ölkəmizin mövqeyi təqdir edilib. Bildirilir ki, Azərbaycan bu prosesdə aparıcı rol oynayan ölkələrdən biridir və belə ölkələrin töhfələri olmadan OPEC və kartelə üzv olmayan ölkələr yanvar ayında hasilatın azaldılması ilə bağlı öhdəliyi 86 % -dən az yerinə yetirəcəkdi.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq hasilatın 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.