
Gələn il hakimiyyətdən birdəfəlik gedəcəyi güman edilən Serj Sarkisyanın komandasının qəbul etdiyi yeni qanun Ermənistanda 300-ə yaxın kəndin xəritədən tam silinməsi ilə nəticələnə bilər.
Parlamentdə ikinci oxunuşda qəbul olunan yeni qanuna görə, Ermənistanda 316 bələdiyyə ləğv ediləcək və yerində 30 iri bələdiyyə yaradılacaq. "News.am"ın yazdığına görə, bəzi vilayətlərdə kəndlərdəki bələdiyyələr tamamilə ləğv ediləcək və sovet dövründə mövcud olmuş rayon mərkəzlərində yaradılan yeni bələdiyyələrə birləşdiriləcək. Beləliklə, keçmiş Vardenis rayonunda 21 kənd bələdiyyəsi, Qafan rayonunda 31 kənd bələdiyyəsi, Aparan rayonunda isə 20 kənd bələdiyyəsi ləğv ediləcək və şəhər bələdiyyələrinə birləşdiriləcək. Qalan ləğv edilən kənd bələdiyyələri isə nisbətən iri kəndlərin ətrafında birləşdiriləcək. Ləğv olunan kənd bələdiyyələri bütün Ermənistan ərazisini əhatə edəcək.
İlk baxışdan, bu, keçmiş rayon mərkəzlərinin funksiyasını bərpası kimi sayıla bilər. Hər halda, 1995-ci ildə Ermənistanda 35-ə yaxın rayon ləğv edildi və 10 vilayətdə birləşdirildi. Beləliklə, 25-ə yaxın rayon şəhəri mərkəz kimi əhəmiyyətini itirdi və iri kəndə çevrildi. Düşünmək olar ki, Serj Sarkisyan həmin rayon şəhərlərində həyatı dirçəltmək niyyətindədir.
Amma erməni mətbuatını izlədikdə vəziyyətin belə olmadığını görmək mümkündür. Ləğv edilən bələdiyyələrin əhalisi buna ciddi etiraz edib. Hətta Vardenisin Zod kəndində əhali Dağlıq Qarabağa Ermənistan ordusunun işğalçı hərbi qüvvələrinin hərəkət etdiyi əsas yolu tutublar. Səbəb aydındır. Bələdiyyələrin ləğvi həmin kəndlərin hər birində mövcud olan 3-4 iş yerinin ləğv edilməsi deməkdir. Məsələ bundadır ki, həmin kəndlərdə yalnız bələdiyyə sədrlərinin və katiblərinin ailələri qalırdı, həmin bələdiyyələr dövlət hesabına maliyyələşdirilirdi. Əhalinin əsas hissəsi isə həmin kəndləri çoxdan tərk edərək, Rusiyaya yerləşib, evlərin çoxu isə sökülüb.
Məsələn, Vardenisin Nerkin Şorca kəndində 1995-ci ilə kimi 400-ə yaxın ev var idi, hazırda cəmi 15 ev salamat qalıb. Amma erməni blogerlərin çəkdiyi videolardan belə görünür ki. həmin evlərin cəmi 3-də həyait var, 1-ində bələdiyyə sədri, 2-sində isə hansısa Qarabağ "generalının" sürüsünü otaran 2 çobanın ailəsi yaşayır.
İndi güman edilir ki, həmin kəndlərdə bələdiyyələrin ləğv edilməsi ilə əhali tamamilə çıxıb gedəcək və 300-dən çox kənd birdəfəlik tərk ediləcək. Rəsmi statistikaya görə, hazırda Ermənmistanda 915 kənd var, yeni islahatlardan sonra bu kəndlərin sayının 600-ə düşəcəyi ehtimal edilir. Beləliklə, Azərbaycan torpaqlarının 20 faizinin işğal edilərək xarabazarlığa çevrilməsində iştirak etmiş Serj Sarkisyan indi də Ermənistanın xarabazarlığa çevrilməsi üzərində baş sındırır.