İdxaldan asılılıq: taxıl problemini necə həll etmək olar? İqtisadiyyat

İdxaldan asılılıq: taxıl problemini necə həll etmək olar?

Bu gün bütün dünyada olduğu kimi Azərbaycan üçün də taxılçılıq prioritet təşkil edir. Müharibə və istilər taxıla ehtiyacı artırır. Həmçinin qeyd olunur ki, müharibələr taxıla olan tələbatın yerli istehsalla ödənilməsini proritet məsələyə çevirib. Xüsusilə Ukrayna müharibəsindən sonra bu məsələ dünyada daha çox müzakirə edilməyə başlandı.

Bu istiqamətdə Azərbaycanda vəziyyət necədir? Taxılçılıqla bağlı hansı problemlər var və necə aradan qaldırılmalıdır?

“Xalq Cəbhəsi” bu barədə iqtisadçı ekspertlərin fikirlərini öyrənib.

“Bu resurslarımız heç də çox deyil”

İqtisadçı Eldəniz Əmirov Azərbaycanda 4,7 milyon hektardan artıq kənd təsərrüfatı üçün yararlı torpaq sahələrindən 2,1 milyon hektarı əkin sahələridir: “Bunun da tam yarısından bir qədər yuxarısı bilavasitə taxıl əkini üçün istifadə olunur. Bununla belə yenə də istehsal olunmuş buğda Azərbaycanın tələblərinə cavab verəcək həcmdə olmur”.

O, bunun bir neçə səbəbinin olduğunu deyib: “Birinci səbəbi torpağın faktiki olaraq real tələbatı qarşılamaq həcmində olmamasıdır. Azərbaycanın sözün həqiqi mənasında kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinə gəldikdə adamınbaşına düşən hissəyə görə digər ölkələrlə, ələlxüsus də taxıl aldığımız ölkələrlə müqayisədə həddindən artıq kiçikdir. Buna görə də bizim taxılla bağlı Rusiyaya, Qazaxıstana və s. yerlərə müraciətlərimiz olur. Yəni bizim resurslarımız çoxdur deyirik, amma bilək ki, əsas resurs torpaq və sudur. Bu resurslarımız isə heç də çox deyil. Adambaşına bölgüdə kifayət qədər azdır. Suda isə ümumiyyətlə, Cənubi Qafqazın 10-da birinə sahibik. Qeyd etdiyim kimi əkin sahələrinin təxminən yarısı taxıldır. Onun da 43-44 faizinə biz buğda əkirik. Bununla belə 1,8 milyon ton həcmində buğda istehsal olunur. Bunun hamısı keyfiyyətli ərzaqlıq buğda olarsa, biz öz tələbatımızı böyük ölçüdə qarşılaya bilərik. Amma bu, tam ərzaqlıq buğda deyil. Burada buğdanın keyfiyyəti, torpağın məhsuldarlığı, torpağın həcmi məsələsi var. Bu artıq sırf kənd təsərrüfatı sahəsi üzrə olan problemlərdir. Lakin bu, problemdən daha obyektiv səbəblərdir. Bütün hallarda qarşıdakı dönəmlərdə belə biz neyləsək də buğda idxalından tam azad ola bilməyəcəyik. Bu, birmənalıdır”.

“Qonşu ölkələrin birindən icarəyə torpaq götürüb buğda əkə bilərik”

E.Əmirovun sözlərinə görə, bizim əhalimiz 7 milyon olanda da eyni qədər buğda əkin sahəmiz vardı, əhalimiz 10 milyonu keçib yenə də eyni qədərdir və qarşıdakı dönəmlərdə də biz artırıq, amma torpağımız, məhsuldarlığımız artmır: “Yəni insanların artım tempi məhsuldarlığın artım tempini o qədər üstələyib ki, nəzərə alsaq ki, məhsuldarlığın artım tempi qənaətbəxş deyil, torpağın isə artması ümumiyyətlə mümkün deyil. Belə olan şəraitdə biz necə buğda idxalı asılılığından azadolma haqqında danışa bilərik? Biz qonşu ölkələrin hansısa birindən icarəyə torpaq götürüb buğda əkə bilərik. Hətta bununla bağlı əvvəlki dönəmlərdə hökumət tərəfindən müəyyən addımlar da atılmışdı. Lakin sonra geosiyasi planda baş verən müəyyən hadisələr bu məsələni arxa plana atdı”.

“Bütün diqqətlər məhsuldarlığa yönəlməlidir”

O bildirib ki, digər bir tərəfdən biz axı kənd təsərrüfatı üçün yararlı olan bütün əkin sahələrimizə buğda əkə bilmərik: “Bizim digər bitkilərə də ehtiyacımız var. Həm taxıl növləri üzrə, həm də ayrı-ayrı kənd təsərrüfatı məhsulları üzrə. Bunun bostanı var, tərəvəzi var, örüş sahələri var, maldarlıq var, biçənək sahələri var. Bu baxımdan da bizim torpaq resurslarımız ölkənin ehtiyaclarını ödəyəcək qədər deyil. Buna görə də biz hər kvadrat kilometrin deyil, hər kvadrat metrin dəyərini anlamalı, bütün fokuslar məhsuldarlığa yönəlməlidir”.

“Ölkədə ərzaq buğdası istehsal etmək hələki mümkün olmur”

İqtisadçı ekspert Akif Nəsirli bildirib ki, Azərbaycanda ərzaq buğdası istehsalı problemdir: “Yəni ölkə daxilində yüksək keyfiyyətli ərzaq buğdası istehsal etmək hələki mümkün olmur. Biz hər il 1,2-1,3 milyon ton xaricdən buğda idxal edirik. Bu da çox yüksək göstəricidir. Təxminən 200 milyon dollar, hətta bundan bir qədər də çox dəyərində ərzaq buğdası idxal edirik”.

“Fermerlərə ciddi dəstək verilməlidir”

Ekspert əlavə edib ki, amma bu ərzaq buğdasının ölkə daxilində istehsalının təşkili üçün fermerlərə ciddi dəstək verilməlidir: “İndi fermerlərə dəstək çox aşağı səviyyədədir. Digər tərəfdən ölkə daxilində suvarma sistemini normal qurmaq lazımdır. Üçüncü bir tərəfdən ölkə daxilində seleksiya işi aparılmalıdır. Keyfiyyətli və məhsuldar sortların yetişdirilməsi üçün alimlər, seleksiyaçılar iş aparmalıdır. Məsələn, biz Kanadada yüksək məhsuldarlıq göstərən toxumu Azərbaycana gətirdik, o, Kanadada 70 sentner verib, Azərbaycanda 25-30 sentner verdi. Ona görə də biz Kanadadan gətirməkdənsə, ölkə daxilində yetişdirməliyik. Yaxud da Kanadadan gətirilən toxumlar əsasında seleksiya aparılmalıdır, ölkə daxilində şəraitə uyğun yüksək məhsuldarlıqlı, keyfiyyətli buğda unu alına bilən buğda sortları yetişdirilməlidir”.

“Məhsuldar torpaqlarımız azdır”

İqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki, Azərbaycanın torpağı, iqlimi keyfiyyətli taxıl yetişdirilməsinə imkan vermir “Ölkənin taxıla olan tələbatının 55-60 faizini yerli yığım verir. Amma ərzaqlıq taxıla olan tələbatın cəmisi 25 faizini yerli yığım verir. Məsələ ondan ibarətdir ki, Qarabağ və Şərqi Zəngəzur bizə qayıdandan sonra əlavə torpaq fondu yarandı. Hökumət planlaşdırır ki, ərzaqlıq taxıla olan tələbatımızı 75 faizə qədər daxili yığım hesabına ödəyək. Yəni uzunmüddətli hədəf qoyub. Amma ki, buna nail olacağıq, ya yox, Qarabağ və Şərqi Zəngəzurda torpaqları nə cür becərəcəyik, məhsuldarlıq necə olacaq və s. məsələlərdən asılıdır. İndi isə 25 faizlik ərzaqlıq taxıla, 55-60 faiz də ümumi taxıla tələbatımızı ödəyirik. Sabah ərzaqlıq taxıla tələbat artanda da yenə də tam ödəyə bilməyəcəyik. Həm də ki, texniki taxıla da həmişə tələbat var. Niyə ölkəmizdə taxıl əmələ gəlmir? Bizim məhsuldar torpaqlarımız azdır. Biz istəsək də, istəməsək də Rusiya, Ukrayna, Qazaxıstan kimi məhsuldar və böyüksahəli torpaqlara malik deyilik. Yəni Ukraynanın, Rusiyanın qara torpaqları Azərbaycanda yoxdur. Ona görə də onlar həmişə daha keyfiyyətli buğda istehsal edirlər. Yəni bizdəki vəziyyət budur. Həmçinin iqlim şəraiti məsələsi də burada rol oynayır. Bizdə istilər çox sürətlə düşür. Buğda inkişaf mərhələsini keçə bilmir. Yəni ölkə istənilən taxıl idxalından asılı olacaq. Ölkənin tələbatı yerli yığım hesabına ödənilməsi mümkün deyil”.

“Havamız, iqlimimiz taxılın keyfiyyətli, məhsuldar yetişdirilməsi üçün yetərli deyil”

X.Kərimli deyib ki, həm də taxıl çox əkdikcə başqa məhsul əkə bilmirik: “Məsələn, yonca əkə bilmirik. Yəni ki, Azərbaycanın kiçik bir ərazisi var. Məsələn, orada taxıl əkirsənsə, alma əkə bilməyəcəksən. Bu baxımdan vəziyyət belədir. Taxılçılıqla bağlı hökumət büdcədən subsidiya verir. Yəni hökumət əlindən gələni edir. Dediyim kimi, 75 faiz xarici idxaldan asılıyıq, 55-60 faiz də yerli ümumi tələbatı ödəyəcək taxıl istehsal edirik. Füzulidə, Cəbrayılda taxıl əkildi, amma kifayət qədər məhsuldar olmadı. Çünki dedilər ki, suvarma sistemini qurmamışıq. 4-5 ildir Qarabağ bizdədir, amma yenə də bu problemləri həll edə bilmirik.Yəni taxıldan asılılığımız qalacaq. Biz taxılı kənardan almalıyıq. Həm də ölkəyə keyfiyyətli taxıl Rusiyadan daxil olur. Yəni özümüz tələbatımızı keyfiyyətli taxıl ilə ödəyə bilmirik. Dediyim kimi torpağımız o torpaq deyil. Havamız, iqlimimiz taxılın keyfiyyətli, məhsuldar yetişdirilməsi üçün yetərli deyil”.

Röya İsrafilova