Səfirliyimizə hücum edən şəxs edam olundu Siyasət

Səfirliyimizə hücum edən şəxs edam olundu

“İran Azərbaycanın qətiyyətli mövqeyi ilə hesablaşmalı oldu”

2023-cü ildə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə dünən səhər saatlarında edam edilib.

Bu barədə İran Məhkəmə Sisteminin saytı ("Mizan") məlumat yayıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.

Səfirliyin iki mühafizəçisi də hücumun qarşısını alarkən yaralanıblar.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə hücum etmiş terrorçuya qarşı edam hökmünün icrasına münasibət bildirərkən deyib ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu həyata keçirmiş, Səfirliyin bir əməkdaşını qətlə yetirmiş, iki əməkdaşını isə yaralamış Yasin Hüseynzadəyə qarşı 28 yanvar 2024-cü il tarixində çıxarılmış ölüm hökmü 21 may 2025-ci il tarixində səhər saat 5-də icra olunub: “Edamın icra olunması prosesini Səfirliyimizin 2 nəfər əməkdaşı və məhkəmə prosesində Azərbaycan tərəfindən təyin edilmiş vəkil müşahidə edib.

Sözügedən terror aktını həyata keçirmiş şəxsin ən ağır şəkildə cəzalandırılması Azərbaycanın İran tərəfindən əsas gözləntiləri sırasında idi. Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin olunması və bu qəbildən əməllərin qarşısının alınması istiqamətində yerləşmə ölkəsi tərəfindən müvafiq tədbirlərin görülməsi hər zaman əhəmiyyət kəsb edir. Qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətində birgə səylərin davam etdirilməsini vacib hesab edirik".

Qeyd edək ki, İranda Azərbaycan səfirliyinə qarşı terror törətmiş cinayətkarla bağlı məhkəmə qərarının icra edilməsi Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin ədalətin bərpa olunması istiqamətində nümayiş etdirdiyi qəti və prinsipial mövqeyin yekunudur.

Azərbaycanın İrandakı səfirliyinə terror hücum zamanı həlak olan Orxan Əsgərovun atası Rizvan Əsgərov hücum edən Yasin Hüseynzadənin edam olunmasına münasibət bildirərkən deyib ki, bu hadisəni iki ildir gözləyirdik. Çünki oğlumun qatilinin həyatda olması bizim üçün ən ağır cəza idi. Mən özümü bağışlaya bilmirdim ki, övladımın qatili sağ-salamatdır.

Rizvan Əsgərov bildirib ki, bu gün həmin şəxs öz layiqli cəzasını alıb: “Bu, həm mənim, həm də ailə üzvlərimizin bir qədər təskinlik tapmasına səbəb oldu. Nəhayət, oğlumun qatili layiq olduğu cəzanı aldı. Bu cəzanın verilməsində, edamın həyata keçirilməsində, günahkarın cəzalandırılmasında ölkə rəhbərliyinə, hörmətli Prezidentimizə öz minnətdarlığımı bildirirəm. Onun qəti tələbi olmasaydı, İran bu məsələni uzatmaqda davam edəcəkdi. Məhz onun tələbindən sonra edam hökmü icra olundu”.

O qeyd edib ki, proseslə bağlı daim məlumatlı olub: “Edamın nə vaxt həyata keçiriləcəyini bilirdim. Sadəcə, elə informasiyalar var ki, onu əvvəlcədən bölüşmək mümkün olmur. Edamda iştirakla bağlı isə belə bir məsələ qaldırıldı ki, gərək atası kəndiri çəksin. Amma Azərbaycanda ölüm hökmü yoxdur və bir Azərbaycan vətəndaşının gedib başqa ölkənin vətəndaşının ölüm hökmünü icra etməsi qanuna ziddir. Sonradan məsələ İran tərəfi ilə müzakirə olundu, səfirliyimizin nümayəndələri və bizim tərəfimizdən vəkil iştirak etdi. Əmin olduq ki, həmin terrorçu öz layiqli cəzasını aldı”.

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynovun fikrincə, beləliklə, rəsmi Tehran bu prosesi hər nə qədər gecikdirməyə çalışsa da, lakin sonda Azərbaycanın siyasi iradəsi və qətiyyətli mövqeyi ilə hesablaşmalı oldu. Əlbəttə, İranın bu prosesi iki il yubatması səbəbsiz deyildi. Çünki mövcud İran iqtidarının mühafizəkar qanadında təmsil olunan və Azərbaycana qarşı sərt mövqe tutaraq iki ölkə arasında münasibətləri daim gərginləşdirməyə çalışan panfarsçı qüvvələr (xüsusən də SEPAH-ın rəhbərliyi) sözügedən terrorçunun edam hökmünün icra olunmasını hər vasitə ilə əngəlləyirdilər.

Həmçinin İranın Cənubi Qafqaz və Yaxın Şərqdə yürütdüyü destruktiv siyasət də bu qərarın icrasına bu və ya digər dərəcədə mane olurdu. Lakin Azərbaycanın Cənubi Qafqazda yeni reallıqlar formalaşdıraraq regionda əsas söz sahibinə çevrilməsi və eyni zamanda, İranın məlum hadisələr (Əsəd rejiminin çöküşü ilə Suriyadan qovulması, “Hizbullah” kimi İran proksilərinin İsrail tərəfindən sıradan çıxarılması və s.) nəticəsində Yaxın və Orta Şərqdəki mövqelərinin ciddi şəkildə sarsılması bu gün rəsmi Tehranı regional siyasətində köklü korrektələr etməyə və Azərbaycanla münasibətləri yenidən nəzərdən keçirməyə vadar edir: “Bu kontekstdə, hazırda Azərbaycan-İranla münasibətlərində normallaşma prosesi müşahidə olunur. Azərbaycan və İran rəsmilərinin qarşılıqlı səfərləri və iki ölkənin hərbçilərinin birgə təlim keçirməsi də bu normallaşmanın təzahürüdür. Münasibətlərin normallaşması həm İranın, həm də Azərbaycanın maraqlarına uyğundur. Lakin bununla yanaşı, Azərbaycan tərəfinin rəsmi Tehran qarşısında irəli sürdüyü haqlı tələblər də öz aktuallığını saxlayır. Həmin tələblərdən biri də məhz Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin edam cəzasınının qüvvədə saxlanılması və icra edilməsi ilə bağlı idi. İran normallaşma kontekstində bu qərarı icra etdi. Beləliklə, ədalət gec də olsa təmin edildi. Ümid edək ki, İran tərəfi bundan sonra da normal qonşuluq mövqeyindən çıxış edəcək. Artıq başa düşürlər ki, Azərbaycanın mövqeyi ilə hesablaşmaq zəruridir.

Siyasi şərhçi Asif Nərimanlı isə deyib ki, Tehranın iki il sonra Bakının tələbini yerinə yetirməsi ədalətli yanaşmadan deyil, Azərbaycanın tələblərini yerinə yetirmək məcburiyyətindən qaynaqlanır: “İran reallıqları qəbul edir və Azərbaycanla problemli münasibətlərin aradan qaldırılmasına çalışır. Bu da münasibətlərdə problemin yaranmasında maraqlı olmayan Azərbaycanın regional siyasətinə uyğundur...

Cavid