Dünya Bankı Azərbaycanda karbon vergisi tətbiqini təklif edir İqtisadiyyat

Dünya Bankı Azərbaycanda karbon vergisi tətbiqini təklif edir

Dünya Bankı Azərbaycanda karbon vergisi tətbiq olunmasını təklif edir.

“APA-Economics” xəbər verir ki, Dünya Bankı Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində “Karbon Qiymətqoyması və Beynəlxalq Karbon Bazarları” mövzusunda keçirilən seminarda Dünya Bankının Azərbaycandakı heyət rəhbəri Yasemin Oruc bildirib.

O, ölkədə karbon qiymətqoyma siyasətinə keçidlə bağlı tövsiyələrini açıqlayıb. Onun sözlərinə görə, əgər Azərbaycan hökuməti karbon qiymətqoyma alətlərini tətbiq etmək qərarına gəlsə, bu proses karbon tərkibli yanacaq növlərinə görə tətbiq edilən karbon vergisi ilə başlanmalıdır.

Yasemin Oruc bildirib ki, belə bir verginin yanacağın iqtisadiyyata daxil olduğu nöqtədə, yəni idxal edildiyi və ya ölkədə hasil olunduğu anda tətbiqi məqsədəuyğun olar. O vurğulayıb ki, bu üsul mövcud aksiz sistemi vasitəsilə həyata keçirilə bilər və ilkin mərhələdə ümumi karbon emissiyalarının 60%-ni əhatə edəcək.

Dünya Bankı rəsmisi həmçinin qeyd edib ki, gələcəkdə Azərbaycan bu verginin tətbiq dairəsini emissiyaların ticarəti sisteminə keçidlə daha da genişləndirə bilər. Bu yanaşmanın əsas üstünlüklərindən biri isə vergidən əldə edilən gəlirin qiymət artımından təsirlənən aşağı gəlirli ailələrə kompensasiya məqsədilə nağd transferlər şəklində yönəldilməsidir.

Ekspertlər hesab edirlər ki, bu model həm karbon emissiyalarını azaltmaq, həm də sosial ədaləti qorumaq baxımından balanslı bir yanaşmadır.