Azərbaycan-Pakistan ticarət əməkdaşlığı üzrə İşçi Qrupunun iclası keçirilib İqtisadiyyat

Azərbaycan-Pakistan ticarət əməkdaşlığı üzrə İşçi Qrupunun iclası keçirilib

İqtisadiyyat Nazirliyində Azərbaycan-Pakistan ticarət əməkdaşlığı üzrə İşçi Qrupunun I iclası keçirilib. Nazirlikdən verilən məlumata görə, nazir müavini Sahil Babayevin və Pakistanın ticarət katibi Məhəmməd Yunus Dağanın həmsədrlik etdiyi iclasda iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin mövcud vəziyyəti, xüsusilə ticarət əlaqələrinin genişləndirilməsi imkanları müzakirə edilib, bu istiqamətdə növbəti addımlar nəzərdən keçirilib. İclasda ölkə rəhbərlərinin siyasi iradəsi və dəstəyi ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Pakistan münasibətlərinin əhəmiyyəti və iqtisadi əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğu vurğulanıb.
Tərəflər investisiya, sənaye, turizm, nəqliyyat, tranzit yükdaşımalar, kənd təsərrüfatı, ərzaq məsullarının istehsalı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, birgə müəssisələrin yaradılması imkanlarının araşdırılması, investisiya layihələrinin iş adamları arasında təşviq edilməsi, "Made in Azerbaijan" brendinin təbliği məqsədilə cari ildə Pakistana həyata keçirilmiş ixrac missiyasının nəticələrini müzakirə edib, aparılmış təhlillərə əsasən ixrac edilə biləcək və rəqabətqabiliyyətli məhsul növləri barədə, habelə bu məhsulları istehsal edən yerli şirkətlərimiz haqqında müvafiq məlumatlar qarşı tərəfə təqdim edilib. Azərbaycan-Pakistan ticarət əməkdaşlığı üzrə İşçi Qrupunun növbəti iclasının Pakistanda keçirilməsi barədə qərar verilib.
Sonda "Azərbaycanda İxracın və İnvestisiyaların Təşviq Fondu ilə Pakistanın Ticarətin İnkişafı Qurumu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. Memoranduma əsasən tərəflər hər iki ölkənin iş adamları, işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsini, bazar araşdırmaları və investisiya layihələrinə dair məlumatların mübadiləsini, birgə müəssisələrin yaradılmasını, sərgilərdə, biznes xarakterli tədbirlərdə iştirakı təşviq edəcək.